Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti 20 sentyabrın Dövlət Suverenliyi günü olaraq qeyd edilməsi ilə bağlı qərar verdi. Çünki artıq dövlətimiz torpaqlarını işğaldan azad etmiş və ərazi bütünlüyünün bərpasına nail olmuş suveren bir dövlətdir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Müşfiq Cəfərov“Bu sərəncamla yerində verilmiş bir qərar dövlətimizin tam suveren dövlət olduğunu əsaslı simvollaşdırdı. Azərbaycan Respublikası suveren və müstəqil olaraq yaransa da, zamanla Ermənistanın işğalçı siyasəti nəticəsində dövlətimizin suveren hüquqları tapdalandı. Lakin dövlətimiz Ermənistanın bu işğalçı siyasətinə tam 30 il səbr edərək sülh yoluyla suverenliyimizin bərpasına çalışdı”-deyən deputat bildirib ki, ümumiyyətlə, Azərbaycan dövləti daima suverenliyi uğrunda mübarizə aparıb və buna da nail olub.
“Hər il senytabrın 20-si Azərbaycan xalqının böyük fəxarət hissi ilə anacağı gün olacaqdır. Bu günə nail olmağımız üçün minlərlə şəhid vermişik. Ötən il 20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri uzun illər torpaqlarımızda mövcud olan erməni separatçılığının kökünün kəsilməsi ilə başa çatdı. Bu baxımdan da 20 sentyabr suverenliyimizin bərpası günü xalqımız üçün çox əhəmiyyətlidir”-deyən deputat vurğulayıb ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan dövləti siyasi və iqtisadi suverenliyinə nail olsa da, ərazilərimizin suverenliyinin təmin olunması xalqımızın bağrındakı qara yaranın dərmanı oldu: “Xalqımızı gələcəkdə də böyük qələbələr və uğurlar gözləyir. Uzun illər əziyyətli həyat yaşamış soydaşlarımız indi suveren ölkəmizdə öz xoşbəxt həyatlarını davam etdirəcəklər”.
İradə Cəlil, Bizimyol.info






