Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ Universiteti suverenliyin simvoludur
Qarabağ Universiteti suverenliyin simvoludur

Xankəndidə Qarabağ Universitetinin təmirdən sonra açılışı olub. Prezident İlham Əliyev özü bu açılışda iştirak edib. Qarabağ Universitetinin tələbələri ilə görüşüb.

Üç-beş il qabaq bu, bir xəyal idi, indi artıq gerçək oldu. Azərbaycan ordusunun, dövlətin, dövlət başçısının müstəsna rolunu vurğulamaq lazımdır. Xankəndidə Universitetin açılışı qələbə paradı qədər mühüm, anlamlı, tarixi hadisədir. Bu, artıq elm və təhsilin, dinc quruculuğun təntənəsidir.

Sovet dövründə də Xankəndidə ali məktəb var idi. O zamanlar bu şəhər "Stepanakert" adını daşıyırdı. Sovet rejimi, əli azərbaycanlıların qanına batmış bolşevik Stepan Şaumyanın adını vermişdi bu şəhərə. O ali məktəb də belə adlanırdı: Stepanakert Pedoqoji İnstitutu. Amma indi burada müasir, dəbdəbəli universitet yaradılıb: Qarabağ Universiteti. Açılışı da məhz 20 sentyabrda - Dövlət Suverenliyi günündə edilib. Bu da təsadüfi deyil: Qarabağ Universiteti Azərbaycanın bu torpaqlar üzərində suverenliyinin simvollarından biri, bəlkə də birincisidir. Burada ən yeni, müasir dövr üçün tələb olunan ixtisaslar var. Prezidentin bildirdiyi kimi, tibb fakültəsi də olacaq. Bu Universitet bölgənin dinc həyatı və inkişafı üçün yüksək səviyyəli kadrlar, mütəxəssislər hazırlayacaq. Burada həm də sənət, xüsusilə, musiqi sənəti tədris ediləcək. Bu da Qarabağın tarixi ənənələrinə uyğundur. Beləliklə, Xankəndi, bütövlükdə Qarabağ əvvəlki yüzillərdə olduğu kimi, yenə də elm, sənət, mədəniyyət mərkəzi olacaq. Universitetin açılması Xankəndi şəhərinin və bütövlükdə bölgənin məskunlaşdırılmasını sürətləndirən amil olacaq. Eyni zamanda ölkənin elm və təhsil həyatında da Qarabağ Universiteti önəmli yer tutacaq. Bir sözlə, Qarabağ Universiteti Qarabağda elmin, biliyin qələbəsidir.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »