Bu gün 2023-cü il 19-20 sentyabr 23 saatlıq lokal antiterror əməliyyatından bir il keçir. Bu gün həm də Dövlət Suverenliyi günüdür. 20 sentyabr Azərbaycan tarixində özünəməxsus bir yerə sahibdir. Uzun illər keçsə də, bu gün əsla unudulmayacaq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, Vətən müharibəsində qələbə bir çox istiqamətdə böyük əhəmiyyətə malikdir, məhz bu müharibədə qazanılan qələbə "böyük Ermənistan" xülyasına son qoyub.
Ceyhun MəmmədovDeputat bir qədər tarixdən söz açıb. O, bildirib ki, ermənilər əvvəlcə İrəvanı, sonra Zəngəzuru, daha sonra Qarabağı işğal edəndə düşünürdülər ki, bu əraziləri ömürlük işğal altında saxlaya biləcəklər. Amma Azərbaycanın rəşadətli ordusu torpaqlarımızı geri aldı. Bütün dünyaya işğal olunmuş ərazilərimizdə ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətləri və vandallığı göstərdi.
Ceyhun Məmmədov hesab edir ki, Vətən müharibəsindən sonra yaranan yeni reallıq sayəsində bütün dünya Azərbaycanın qələbəsindən və bu qələbəyə necə nail olmasından danışır, müzakirələr aparır.
Deputatın fikrincə, bu qələbə Azərbaycan xalqını fərhləndirdi, Azərbaycanı gücləndirdi. Çünki son illərdə ilk dəfə idi ki, Azərbaycan torpaqlarını itirmədi, əksinə işğal altında olan torpaqlarını geri qaytara bildi. Bu da dövlətimiz üçün böyük uğur idi.
Ceyhun Məmmədov vurğulayıb ki, Ermənistan 3 tərəfli bəyannaməyə imza atsa da, zaman keçməsinə baxmayaraq, bəyannamənin müddəalarına əməl etmirdi.
“Separatçıların Azərbaycan torpaqlarında çıxarılmaması Azərbaycanı narahat etməyə bilməzdi. Azərbaycan ərazisinə yeni minalar daşınır, əlavə şəxsi heyət və zirehli texnikalar yığılırdı. Görünən o idi ki, Ermənistan Azərbaycan ordusuna qarşı müqavimət göstərmək üçün hazırlanırdı”-deyən deputat vurğulayıb ki, torpaqlarımızda basdırılan minalara görə Azərbaycanın itkilərinin sayı artırdı.
“Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayan Paşinyan rəhbərliyi cəzalandırılmalı idi və lokal antiterror əməliyyatı keçirilməli idi. Qərar verildi və lokal antiterror əməliyyatları zamanı min nəfərdən çox separatçı məhv edildi, yaralandı. Düşmənin zirehli texnikaları sıradan çıxarıldı. Eyni zamanda Azərbaycan ordusu düşmən texnikasını və artilleriya vasitələrini qənimət olaraq ələ keçirə bilmişdi”-deyən deputatın fikrincə, Ermənistan İkinci Qarabağ müharibəsindən nəticə çıxarmış olsaydı, antiterror əməliyatının keçirilməsinə ehtiyac qalmazdı.
“Həmin vəziyyətdə Azərbaycan işğala son qoymaq üçün müvafiq addım atmalı idi. Çox maraqlıdır ki, cəmi 23 saat 4 dəqiqə ərzində Azərbaycan ordusu separatçıları "ağ bayraq" qaldırmağa məcbur etdi. Daha sonra Qarabağda yaşayan erməni sakinlər Rusiyanın bölgəyə müvəqqəti yerləşdirdiyi sülhməramlı kontingenti vasitəsilə Azərbaycan tərəfinə müraciət etdi və atəşkəs elan edildi. Və 2023-cü ilin bu günündə saat 13:00-da lokal antiterror əməliyyatı dayandırıldı”-deyə Ceyhun Məmmədov əlavə edib.
Deputat sonda vurğulayıb ki, Azərbaycanın Ermənistana etdiyi sülh təklifləri hər zaman geri qaytarılmış, bunun qarşılığında hər zaman Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirilmişdir.
Ceyhun Məmmədov deyir ki, bu gün sülh Ermənistana daha çox lazımdı. Çünki Ermənistan iqtisadiyyatının dirçəliş yolu məhz bu sülh müqaviləsindən keçir.
İradə Cəlil. Bizimyol.info






