Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Revanşist qüvvələrin iddiaları, kənar dövlətlərin müdaxilələri regional sülhü gecikdirir"
"Revanşist qüvvələrin iddiaları, kənar dövlətlərin müdaxilələri regional sülhü gecikdirir"

“Bu gün Dövlət Suverenliyi günümüzdür. Bunun başqa adı Bütövlük Günüdür. Yəni artıq, bütövük, tamıq, tamamıq. Bu günü bizə öz siyasi iradəsi və qlobal düşünən zəkası ilə cənab Prezident İlham Əliyev, öz canı və qanı ilə Vətən oğulları bəxş etdilər. Milli birliyimiz də, ərazi bütövlüyümüz də əbədi olsun! Bu günə gətirən hadisələrin ardıcıllığına baxanda Azərbaycanın nə qədər böyük uğura imza atdığını dərk etmək olur. Çünki, Azərbaycan kiçik bir xuntanın üzərində qələbə çalmayıb, bütöv bir qlobal şəbəkələşməyə, onları dəstəkləyən qlobal güclərə qalib gəlib. Qələbəmizin möhtəşəmliyi də bundadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının mühüm hissəsini işğaldan azad etdi: “Lakin bilirik ki, Qarabağda qondarma rejimin qalıqları hələ də Azərbaycana tabe olmaqdan boyun qaçırır, reinteqrasiya çağırışlarımıza mənfi cavab verir, sərhəd təxribatlarına və ərazilərimizdə mina basdırılması ilə yanaşı eko-terror fəaliyyətlərinə davam edirdilər. Bu təxribatlar təbii olaraq, tərəfimizdən cavablandırılırdı, 2021-ci ilin mayında və noyabrında, 2022-ci ilin sentyabrındakı hərbi toqquşmaları xüsusilə qeyd etmək olar. Bunların hər biri Azərbaycanın yeni əlverişli mövqelənməsi ilə nəticələnirdi. Buna baxmayaraq, Ermənistan tərəfi qondarma rejimlə əlaqəsini kəsmirdi. Qlobal erməni "şəbəkə"si onların mövcudiyyətini qoruması üçün əlindən gələni edirdi. Cənab Prezident isə onlara vaxt vermişdi. 2022-ci ilin 12 dekabrında ekofəallarımızın aksiyası qondarma rejimin təbii sərvətlərimizi talaması əleyhinə mühüm bir aksiya olmaqla yanaşı, həm də bu torpaqların inteqrasiyası istiqamətində edilmiş mühüm bir gediş idi. Artıq Xankəndinin bir addımlığında idik və ərazi tam olaraq nəzarətimizdə idi. Qondarma rejim isə qlobal erməni şəbəkəsinin dəstəyi ilə süni-ajiotaj, “etnik təmizləmə və soyqırım” görüntüsünü yaratmağa çalışaraq vəziyyəti öz lehinə dəyişməyə çalışırdı. Bu dövrdə bir sıra Avropa və insan hüquqları təşkilatlarının ölkəmizə qarşı eko-aksiyanı dayandırmaq istiqamətində çağırışlarını xatırlaya bilərik. Lakin, Azərbaycan mövqeyində qəti idi. Geri dönüş artıq yox idi. Ya Qarabağ sülh yolu ilə tam azad olunacaq və oradakı ermənilər inteqrasiya olunacaq, ya da hərbi əməliyyat həyata keçiriləcəkdi”.

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə

Politoloq deyir ki, “Ermənilər yalnız silah səslərindən anlayırlar”...

“19-20 sentyabr 2023-cü ildə keçirilən bir günlük lokal antiterror tədbirləri onların vəziyyəti tam anlamalarını təmin etdi. Bundan sonra 28 sentyabrda qondarma “respublika”nın oyuncaq “prezident”i Şahramanyan rejimin buraxıldığını bəyan edən sənədə imza atdı və Qarabağdan ermənilərin kütləvi köçü başladı. Ermənilər Azərbaycanın çoxsaylı reinterqasiya və “vətəndaşlığımızı qəbul edib qala bilərsiniz” çağırışlarına baxmayaraq onlar öz qanlı keçmişlərini, törətdikləri soyqırımları və Xocalını xatırlayaraq son nəfərinə kimi torpaqlarımızı tərk etməyi seçdilər. Bundan sonra Avropa Parlamentinin, AŞPA-nın və bir sıra hüquq müdafiə təşkilatlarının ölkəmizə qarşı qlobal koordinə olunmuş hücumları oldusa da, Azərbaycan üçün ən mühüm məqam bütövləşməyimiz idi.

Cənab Prezident 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaltdıqda hər kəs bu sözləri deyirdi: "Yaşasın, müzəffər Ali Baş Komandan. Yaşasın, Azərbaycan. Şəhidlər ölməz, Vətən bölünməz!"

Artıq regional geosiyasi konyuktur tərəfimizdən diktə olunmağa başlayıb. Bu, sadəcə müvəqqəti status-kvo deyil, regional nizamdır. Qəribədir ki, regiondakı sülh də müharibə yolu ilə təsis olundu. Sülhün qalıcılığı üçün bir sıra məsələlər Ermənistanla razılaşdırılmalıdır ki, bu istiqamətdə ötən illərdə mühüm addımlar atılmış, sülh, bilirik ki, 80% razılaşdırılıb. Xüsusilə, 2023-cü ildə baş tutan lokal antiterror tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında normallaşma və sülh istiqamətində mühüm irəliləyişlər əldə olundu. 2023-cü ilin dekabrında tərəflərin əsir mübadiləsi və Ermənistanın Azərbaycanın COP29-u keçirməsinə razılıq ifadə etməsi, 2024-cü ilin aprelin 19-a Qazaxın 4 kəndinin bir güllə atılmadan geri qaytarılması, avqustun 30-da dövlət sərhəddinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair razılaşma, sentyabrda Paşinyanın çərçivə sülh sazişi imzalamağı təklif etməsi – bütün bunlar mühüm irəliləyişlər, sülh istiqamətində irəli atılan addımlardır”-deyən politoloq bildirib ki, Paşinyan da bəyan edib ki, bundan sonra açıq qalan və həllini gözləyən məsələləri hərb yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həll etməliyik. O, vurğulayıb ki, Azərbaycanın Ermənistanda anklav olaraq 4 kəndi qalmaqdadır (Qazaxın 3 kəndi və Kərki), Ermənistan öz növbəsində 2021-2022-ci illərdəki əməliyyatlar zamanı Azərbaycanın bu ölkənin 200 km² ərazisini işğal etdiyini iddia edir. Azərbaycan da bu iddianı rədd edir və bu məsələlərin delimitasiya komissiyalarının birgə işi ilə öz həllini tapacağına ümid edir.

“Ermənistanda hər zaman revanşist hisləri canlı saxlamağa çalışan, düşmənçiliyi davamlı odlandıran qüvvələr olmuşdur və onlar yenə də Ermənistanı silahlandırmaq, yeni savaşa hazırlamaq niyyətindədirlər. Elə buna görədir ki, cəmiyyətimiz də daima ehtiyatlı davranır, münaqişənin tam olaraq bitmədiyini və hər an yenidən alovlana biləcəyini ehtimal edir. Bu, sosial sorğuların nəticələrində də özünü biruzə verir: Məsələn, əməkdaşı olduğum Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü ilin 18-20 oktyabr tarixlərində 1212 nəfərin iştirakı ilə bir sorğu keçirilmişdi. Bu sorğunun nəticələrinə görə respondentlərin 11,2%-i Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaltmasını ermənilərlə uzunmüddətli münaqişənin yekun tarixi qələbəsi hesab etməmişdir. Yəni, başqa sözlə, 87,5% respondent artıq sülh dövrünə keçid edəcəyimizi düşünsə də, cəmiyyətimizdə hələ də ermənilərlə münaqişənin başa çatmadığını düşünənlər var.

Sülh bəşəriyyətin ən böyük qələbəsidir. Odur ki, Ermənistandaki revanşist qüvvələrə qalib gələrək sülhə nail olmaq və regional sabitliyi təmin etmək, bütün Cənubi Qafqaz coğrafiyası üçün qələbə qazanmaq sayılacaq.”

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »