Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəblərimizdə şəhidlərimizin adı yaşadılır, qəhrəmanlığı gələcəyimizə nümunə olur"
"Məktəblərimizdə şəhidlərimizin adı yaşadılır, qəhrəmanlığı gələcəyimizə nümunə olur"

Bu gün 2023-cü il 19-20 sentyabr lokal xarakterli 23 saatlıq lokal antiterror əməliyyatından 1 il ötür. Bu əməliyyat zəfər tariximizdə çox böyük, önəmli bir yer tutur. Belə ki, 44 günlük müharibə Azərbaycanın rəşadətli ordusunun qələbəsi ilə başa çatsa da, hələ də işğal altında olan torpaqlarımız var idi. Erməni separatçıları torpaqlarımızı hərb yolu olmadan bizə geri vermək istəmirdi. Bu səbəbdən də, 1 günlük lokal əməliyyat keçirildi və işğal altında olan torpaqlarımız geri qaytarıldı.

  • Tarixi zəfərlərimiz, son 4 ildə baş verən hadisələr uşaqlarımıza necə aşılanır?

  • Məktəblərdə uşaqlar yeni tariximizi öyrənə bilirmi?

Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün zəfər tariximizin ən şanlı günlərindən biridir.

Elşən Qafarov Elşən Qafarov

“1 günlük lokal antiterror əməliyyatından 1 il ötür. Keçən dövr ərzində 44 günlük müharibə və yaxud da Birinci Qarabağ müharibəsi dövründə şəhid olan soydaşlarımızın xatirəsi məktəblərdə həmişə yad olunur. Bilirsiniz ki, məktəblərimizin bu gün böyük bir hissəsi şəhidlərimizin adını daşıyır. Onların anım günləri və ad günləri, hərbi vətənpərvərlik tədbirləri ilə bağlı məktəblərdə dövrü olaraq tədbirlər keçirilir. Xüsusilə, son 4 ildə bu tədbirlərin sayı bir qədər də artıb. Düzdür, hələ o imkan olmayıb ki, şagirdlərin işğaldan azad olunmuş ərazilərə - Xankəndiyə, Şuşaya, Laçına, Füzuliyə və digər rayonlara, şəhərlərə irimiqyaslı ekskursiyalar təşkil olunsun. Amma müəllimlər öz imkanları çərçivəsində müxtəlif turlar vasitəsilə işğaldan azad olunmuş ərazilərə uşaqlar aparıb. Bütün yay boyu biz gördük ki, bəzi turlar təşkil olunub. İstər sosial şəbəkələrdə, istər məktəb saytlarında bu səfərlərlə bağlı materiallar paylaşılır”-deyən ekspert hesab edir ki, yeni tədris ilində zəfər tariximizlə, lokal antiterror əməliyyatları ilə bağlı müəyyən kütləvi tədbirlər keçiriləcək.

“Ümumtəhsil məktəblərinin 9-cu sinifində ayrıca zəfər tarixi dərsliyi tədris olunur. “Zəfər tarixi” dərsliyində də istər Birinci Qarabağ müharibəsi dövründə, istər 44 günlük müharibə dövründə, istər 1 günlük lokal antiterror əməliyyatı ilə bağlı məlumatlar şagirdlərə təqdim olunur. İgidlərimiz tanıdılır, rəşadətli ordumuzu qəhrəmanlığı şagirdlərə aşılanır”-deyə Elşən Qafarov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »