Mən müharibə dövrünün adamıyam. Bir qarnı ac, bir qarnı tox müharibə xəbərlərini dinləyən bir uşaq, müharibə şəraitində bir milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin gənci olmuşam. 4 il bundan əvvələ qədər qaçqın şəhərciklərində, qaçqınların məskunlaşdığı məhəllələrdə, kəndlərdə qaçqınlarla görüşən və onların şəraitini işıqlandıran bir jurnalist olmuşam. Etiraf edim ki, müharibə dövrünün adamı olmaq asan deyil. Çünki həyatda olan xəyalların, arzuların, yaşam tərzinin hər zaman bir kənarını qırıq hiss edirsən...
2020-ci il sentyabrın 27-də müharibə başlayanda hər kəs həyacanla proseslərin gedişatını izləyirdi. İşğaldan azad edilən ərazilərimiz, itirdiyimiz oğullar...
Necə nəticələnəcəyini bilmirdik. Amma hamı müharibənin bitməsini və torpaqlarımızın geri qaytarılmasını istəyirdi. Çox şəhid vermişdik. Müxtəlif dövrlərdə xalq öz oğullarını itirirdi. Amma müharibələr bitmirdi. Hamı düşünürdü ki, güclü bir savaş olsun və nə olacaqsa olsun...
2020-ci ildə 44 günlük müharibədə Azərbaycan qələbə çaldı, torpaqlarımızın çox hissəsi işğaldan azad edildi. 3 tərəfli bəyannamə imzalandı. Ermənistan qalan torpaqlarımızı geri verəcəyi ilə bağlı vaxt istədi. Onlara verilən vaxtı sadəcə torpaqlarımızı minalamaqla keçirdi.
2023-cü il 23 saatlıq lokal antiterror əməliyyatı zamanı Qarabağı tam şəkildə işğaldan azad etdik. Qondarma separatçı rejim çökdürüldü, rejimin rəhbərləri saxlanıldı. Bu, böyük uğur idi. Uzun illər BMT-nin 4 qətnaməsini Azərbaycan öz gücünə həyata keçirdi. 27 il torpaqlarımızda qarın qaşıyan ATƏT-in Minsk qrupunun edəbilmədiyini və yaxud etmək istəmədiyini Azərbaycan ordusu öz gücünə həyata keçirdi. “Müharibə itkisiz olmur” deyirlər. Canımızdan neçə canlar qopdu...
Qələbədən 4 il keçməsinə baxmayaraq, sülh tələbimiz hələ də havada qalıb. Danışıqlar aparılır, sərhdlərin delimitasiyası həyata keçirilib. Amma sülh bağlanmır...
Sülhün bağlana bilməməsi üçün Qərb, Amerika, Hindistan və İran çox çalışır. Çünki Ermənistanla Azərbaycan arasında sülhün bağlanması bu ölkələrin maraqlarına son verəcək. Minlərlə kilometr uzaqda olan Fransa Qafqazdakı Ermənistanı öz müstəmləkəsi kimi görmək istəyir. İran dininə hörmətsizlik edən Ermənistanla quru sərhədlərinin dəyişməsinə etiraz edir, Zəngəzur dəhlizini qırmızı cizgisi adlandırır. Hindistan Ermənistanı silahlandırır. Amerika öz hərbçilərini Ermənistana yerləşdirir, təlimlər keçirir. Görünən odur ki, qarşımızda elə əvvəldən təkcə Ermənistan olmayıb. Böyük güclərlə qarşı-qarşıya durmuşuq.
Azərbaycan bu gün heç bir dövlətin əraizisinə iddia etmədən, öz torpaqlarını qorumaq üçün mübarizə aparır. Yanımızda Türkiyə, Pakistan, İsrail və bir çox ölkələr var. Torpaqlarımızı geri alsaq da, hələ də müharibə şəraitində olan bir ölkəyik. Dövlət başçısının siyasəti o qədər yerindədir ki, kiminlə, necə, harda, nə zaman...
Siyasət bir şahmat oyunudur. İlham Əliyev bu oyunda rəqiblərini mat etməyi bacarır...
Bu gün antiterror əməliyyatının il dönümüdür. Artıq qaçqınlarımız yavaş-yavaş öz torpaqlarına qaytarılır, tarixi torpaqlarımızda yenidən həyat qurulur.
Təkcə, sülh müqaviləsini imzalamaq qalıb. Buna da böyük güclər mane olmasaydı, çoxdan edərdik. Yenə də edəcəyik - ya siyasi arenada, ya da hərbi yolla...
İradə Cəlil, Bizimyol.info






