Ermənistan zaman-zaman torpaqlarımızı işğal etməklə, vətəndaşlarımıza qarşı insanlıq əleyhinə cinayət törətməklə, soyqırım etməklə, tarixi abidələrimizə və ekologiyamıza böyük vandallıq törətməklə, Azərbaycana çox böyük ziyan vurub. Həm beynəlxalq hüquq və norma prinsipləri tərəfdən, həm də Azərbaycanın milli qanunvericiliyinə istinadən bu cinayətlərin hər biri əvəzi ödənilməklə, yəni Azərbaycana təzminat ödəməklə həll edilməlidir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə və 1 günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz dövlət suverenliyinə qovuşdu. Bununla da, təkcə iki dövlət arasında deyil, bölgədə yeni siyasi mənzərə formalaşdı.
Vüqar İskəndərov“Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük quruculuq, bərpa-tikinti işlərini sürətlə davam etdirməyə başladı. Paralel olaraq “Böyük qayıdış” konsepsiyası ilə həmin torpaqlardan qaçqın və didərgin düşmüş insanları öz torpaqlarına geri qaytarır və artıq minlərlə insan həmin ərazilərdə yaşamağa başlayıb. Azərbaycanın müvafiq istiqamət üzrə məsul dövlət orqanları işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrimizin bərpa edilməsi ilə məşğuldur. Eyni vaxtda Azərbaycan Respublikası Baş Prokurorluğu bu soyqırımda, urbasitdə, ekositdə konkret iştirakı olan cinayətkarların adlarını aşkar edərək, onlara qarşı cinayət işi qaldırıb. Artıq bir neçəsi ədalət qarşısında cavab verəcəklər. Hazırda onlar öz məhkəmələrini gözləyirlər. Digərləri təbii olaraq beynəlxalq axtarışa da verilir, tutulduqları vaxt öz layiqli cəzalarını alacaqlar. O gün heç uzaqda deyil”-deyən deputat bildirib ki, ilkin hesablamalarla milyardlarla manat Azərbaycana ziyan vuran Ermənistan tərəfi artıq müvafiq beynəlxalq məhkəmələrə verilib.
“İndiki situasiyada Azərbaycan tərəfi ittihamlar irəli sürüb. Azərbaycan tərəfindən iddialar beynəlxalq məhkəmələrdə qaldırılır. Əsas tələb Azərbaycana dəyən zərərin rəsmi İrəvan tərəfindən ödənilməsidir: “Bu, məsələnin hüquqi tərəfidir. İkinci tərəfi, mənəvi məsələdir. Ermənistan həm də Azərbaycandan rəsmi üzr istəməlidir. Çünki bu da beynəlxalq praktikada mövcud olan bir aktdır. Müharibə bitəndən sonra uduzan və qarşı tərəfə böyük miqyasda ziyan vuran tərəf həm təzminat ödəyir, həm də dövlət olaraq digər dövlətdən rəsmi üzr istəyir. Hələ ki, Ermənistan bu aktı da yerinə yetirməyib. Bu da Ermənistanın üzərinə düşən vəzifədir və bunu etməlidir”-deyən Vüqar İskəndərov bildirib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana vurduğu ziyana görə, mütləq beynəlxalq məhkəmələrdə cavab verəcək və Azərbaycana təzminat ödəyəcək, Ermənistan bu məsələdən heç bir şəkildə yayına bilməz.
İradə Cəlil, Bizimyol.info






