Beynəlxalq hüquqda ayrı-ayrı şəxslərin beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb olunması məsələləri bir dövlət üçün deyil, ümumilikdə bütün dövlətlər üçün maraqlı və əhəmiyyətlidir. Bunlara dünyanın sadəcə hər hansı bir ərazisində müəyyən bir zamanda baş verən cinayətlər kimi baxmaq olmaz, çünki onlar hər kəs üçün təhlükəlidir. Müharibə cinayətlərini beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirmək daha düzgündür. Yəni dövlətimizin müharibədən sonra həbs etdiyi separatçı liderlərin, müharibə, soyqırım cinayətləri törədərək, təkcə Azərbaycana qarşı deyil, bütün beynəlxalq aləmə qarşı cinayət törətmiş hesab olunur.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynəlxalq hüquq normalarının, xüsusilə 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur və bu kateqoriyalı cinayətkarlar cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə oluna bilərlər. Bu da bizə Birinci Qarabağ Müharibəsi zamanı, eyni zamanda atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir.
Müşfiq CəfərovDeputat bildirib ki, Ermənistanın müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən də təsdiq olunmağa başlanıb: “Təkcə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatı artıq Ermənistanın müharibə cinayəti törətməsi ilə bağlı 11 fakta sahib olduğunu bildirmiş və bu faktların həqiqiliyinin kosmik videogörüntülər vasitəsilə təsdiqləndiyini də qeyd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu törədilmiş bütün cinayətlərlə bağlı araşdırmalar aparıldığını və zəruri sənədlərin hazrılanaraq müvafiq orqanlara göndəriləcəyini və bu cinayətkarların öz layiqli cəzalarını alması üçün bütün addımların atılacağını bildirmişdir”.
Müşfiq Cəfərov vurğulayıb ki, Ermənistan uzun illər müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, çoxsaylı müharibə cinayətləri törətmişdi. Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət bu hüquqa zidd əməllərin cəzasız qalmasına imkan verməməli və bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir.
İradə Cəlil, Bizimyol.info






