Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa Məhkəməsi ilk dəfədir ki, Azərbaycandan məişət zorakılığı ilə bağlı şikayətə baxır”
“Avropa Məhkəməsi ilk dəfədir ki, Azərbaycandan məişət zorakılığı ilə bağlı şikayətə baxır”

Azərbaycanda keçmiş həyat yoldaşını və qayınanasını xüsusi amansızlıqla öldürməyə cəhddə ittiham olunan, lakin cəza almayan şəxslə bağlı Avropa İnsan Haqları Məhkəməsi hökumətin üzərinə öhdəlik qoyub. Ümumiyyətlə, Avropa Məhkəməsi ilk dəfə olaraq, məişət zorakılığı məsələsində Azərbaycana münasibətdə müvəqqəti tədbirlərin tətbiqilə bağlı 39-cu Qaydanı işə salıb.

Bizimyol.info xəbər verir ki, Avropa Məhkəməsinin sözügedən qərarı məişət zorakılığının qurbanı olmuş 35 yaşlı qadının şikayəti əsasında çıxarılıb. O, 10 il birlikdə yaşadığı, iki övladının atası olan həyat yoldaşından boşanıb. Aralarında dəfələrlə problem yaşanıb, polisə şikayətlər olub, lakin tədbir görülməyib. 2019-cu il avqustun 5-də Bakıxanov qəsəbəsində - Sabunçu rayon Məhkəməsinin yanında keçmiş əri onu əvvəl maşında vurub, sonra isə bıçaqlayıb. Ondan sonra anasına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

İki nəfəri qəsdən öldürməyə cəhddə təqsirləndirilən şəxs anlaqsız hesab olunub və Bakı Ağır Cinayətlər Məhkəməsi onun cəzadan azad edilməsinə, Respublika Psixiatriya Xəstəxanasına məcburi stasionar müalicəyə yerləşdirilməsinə qərar verib.

Zərərçəkmiş qadın bu qərarla razı deyil, hətta psixi xəstə olmasına da şübhə ilə yanaşır. Yuxarı instansiya məhkəmələrinə şikayət versə də, nəticə dəyişməyib. O, vəkili vasitəsilə Avropa Məhkəməsinə üz tutub. Avropa Məhkəməsi məişət zorakılığına dair şikayət üzrə Azərbaycana qarşı ilk işlə bağlı kommunikasiya başlayıb – hökumətə suallar göndərib.

Ümumi şikayətdən əlavə, müvəqqəti tədbirlərin tətbiqilə bağlı 39-cu Qayda əsasında da Avropa Məhkəməsinə müraciət ediblər. Bu şikayətdə göstəriblər ki, qadının keçmiş əri psixiatriya xəstəxanasından istənilən vaxt ambulator müalicəyə buraxıla bilər. Bu isə həm onun, həm də ailə üzvlərinin həyatına təhlükə yaradır. Avropa Məhkəməsindən də xahiş ediblər ki, Azərbaycan hökumətinin üzərinə vətəndaşın təhlükəsizliyini təmin etmək öhdəliyi qoyulsun.

Avropa Məhkəməsi də müvəqqəti təminat tədbirlərini – 39-cu Qaydanı tətbiq edib və hökumətin üzərinə qurbanın təhlükəsizliyini təmin etmək öhdəliyini qoyub.

“Hadisənin qarşısını almaq üçün dövlət orqanları tədbir görübmü?”

“Hüquq platforması” İctimai Birliyinin həmtəsisçisi, vəkil Fariz Namazlı deyir ki, Avropa Məhkəməsi ilk dəfədir ki, Azərbaycandan məişət zorakılığı ilə bağlı şikayətə baxır. Özü də şikayətə prioritet qaydada baxılır. Ərizə sentyabr ayında göndərilsə də, artıq kommunikasiya başlayıb, hökumətə suallar göndərilib. Bu isə çox az hallarda olur:

“Məişət zorakılığına dair işlər üzrə Avropa Məhkəməsi hökümətlər qarşısında 3 əsas sual qoyur:

- zərərçəkənin həyatına qarşı real və qaçılmaz risk olubmu?

- dövlət orqanları bundan xəbərdar olubmu?

- hadisənin qarşısını almaq üçün dövlət orqanları hər hansı tədbir görübmü və ya görməyə çalışıbmı?

Əgər bu şərtlərə əməl edilməyibsə, o halda Avropa Məhkəməsi hökümətin məişət zorakılığı ilə bağlı öhdəliklərinə əməl etməməsi nəticəsinə gəlir”.

Fariz Namazlı onu da bildirib ki, məişət zorakılığının qurbanları çox olsalar da, onların çox cüzi hissəsi şikayətlər verirlər. Bunun da müxtəlif səbəbləri var. Onun sözlərinə görə, əsas səbəblərdən biri də maddi baxımdan imkansızlıq, ədalət mühakiməsinə çıxışın olmamasıdır: “Böyük əksəriyyəti məlumatsızdır, düşünür ki, özüm müraciət edə bilməyəcəm, vəkil tutmalıyam, vəkil üçün pul lazımdır və s. Bu prosesin özü onlara çətin görünür. Polisdə, məhkəmələrdə olan şikayətləri də ya qorxudan, ya başqa səbəbdən sonradan geri götürürlər. Bir qismi davam etdirə bilmir”.

Məişət zorakılığı nədir?

Cinayət Məcəlləsində “məişət zorakılığı” deyilən cinayət əməli nəzərdə tutulmayıb. Lakin qohumlar məişət zəminində bir-birinə qarşı cinayət törədərsə, bu əməllər cinayət xarakterli məişət zorakılığına aid edilir.

Məişət zorakılığının qarşısının alınmasıyla bağlı qanunvericiliyin pozulmasına görə məsuliyyət var. Bu məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsində öz əksini tapıb.

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə - 100 manatdan 300 manatadək cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Bir il ərzində bu əməllər təkrar törədilərsə - 500-700 manat cərimə və ya 60-100 saat ictimai işlər və ya 15 günədək inzibati həbs tətbiq edilir.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50  manatadək cərimə edilir.

Məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərərçəkmiş şəxsə qısa müddətli mühafizə orderinin verilməməsinə görə - vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə edilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »