Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalının Ukraynalı gəlini...
Xocalının Ukraynalı gəlini...

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşklatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Erməni Təcavüzünün Tanıdılması" İB-nin layihəsi çərçivəsində "Xocalının Ukraynalı gəlini" sənədli xroniki filmi çəkiləcək. Filmdə Xocalinin təsviri və hadisələrin necə cərəyan etməsi öz əksini tapacaq.

Film bu sözlərlə başlayacaq: "Bir tərəfində Kətik meşəsi, o biri tərəfində Boz dağ, sağında, solunda da çaylar başına dolanırdı kəndimizin. Hər sabah bir umudla doğardı günəşimiz".

Bu gözəllik Xocalıya gəlin gəlmiş Ukraynalı Tatyananı da valeh etmişdi. Çox keçmədən qaynayıb qarışmışdı Xocalının saf, təmiz, mələk kimi insanlarına. Sankt- Peterburqda doğulub böyüyən Tatyana xanım tanış olduğu Ramizlə evlənib Xocalıya gəlmişdilər. Həyatın onlara verdiyi yaşama şansını qaçırmadan, doya-doya yaşamaq istəyirdilər. Burda qurub-yaratmaq istəyirdilər. Özlərinə Xocalıda ev tikdirmişdilər.

Tatyananın həyat yoldaşı Ramiz Nəsirov kəşfiyyatçı idi. Gecəsi, gündüzü yox idi. Ümid edirdi ki, tezliklə Qarabağ müharibəsi sona çatacaq.

Əvvəl hər şey gözəl idi. Ta 1988-ci ilə qədər. O soyuq fevral günündə 13 yaşlı qızı Elmiranı götürüb Xocalıya gələn bu ailənin də başının üstünü qara buludlar almışdı. Hər kəs kimi onlar da kədər içindəydilər.

"Xocalının Ukraynalı gəlini" sənədli xroniki filmi

1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalı soyqırımı idi. Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş bu soyqırım aktı - Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı şəhəri Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin (Rusiyanım) 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə erməni qoşunları şəhəri dörd tərəfdən mühasirəyə almış, sonra Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-ı səhər saat 5-ə kimi şəhəri erməni işğalçıları zəbt etmişdi. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdi. Şəhəri tərk etməyə məcbur qalan əhali dağlara, meşələrə qaçmışlar. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular.

Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub. Körpə uşaqların gözləri çıxarılıb. Hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Faciədən bir neçə ay öncə Xocalıya qızının yanına gələn İkinci Dünya Müharibəsi iştirakçısı Dimitri Buçko yataq xəstəsinə çevrilmiş, keçirdiyi sarsıntılardan iflic olmuşdu. Artıq kənd əhalisi Xocalını tərk etməyə məcbur idilər. Tatyana 2 yol ayrıcında idi. Bilmirdi həyat yoldaşı ilə getsin, yoxsa atasının yanında qalsın. Həyat yoldaşı Ramiz onu tələsdirdi. "Getməliyik, geciksək əsir düşəcəyik", deyirdi. Hər ikisi ümidsizcəsinə evdən çıxdılar. Son dəfə atasının boynuna sarıldı Tatyana. Qarqar çayının kənarına qədər gəldilər. Bax, burda Tatyana ərinə qətiyyətlə deyir: "Mən getməyəcəyəm, atamın yanında qalacağam. Sən get, qoy, qızımız tək qalmasın". Bunu deyib, geri dönür Tatyana.

"Xocalının Ukraynalı gəlini" sənədli xroniki filmi

Ramiz qadınları, uşaqları çıxarmaq üçün son gücünü toplayır. Xeyli yol gedir, amma həyat yoldaşından nigaran qalır. Yenidən geri qayıdır. Min bir zəhmətlə tikib-qurduğu evini od-alov içində görür. Qayınatası Dimitri Nikolayeviç evin içində yanıb külə dönmüşdü. Tatyananın taleyindən isə bu günə qədər də bir xəbər yoxdur.

Xocalıdan olan Ukraynalı gəlinin bir acı həyat hekayəsi bitmədən yarımmçıq qaldı...

Son xəbərlər
Bütün xəbərlər »