Marketlərdə "kərə" yağının qiyməti 24 manat olub. Fərdi kənd təsərrüfatı ilə məşğul olanlar isə bu məhsulun keyfiyyətlisinin 30 manatdan aşağı satılmasının doğru olmadığını deyirlər. Çünki qiyməti aşağı olan təbii kənd yağını alıcılar qiymətinə görə keyfiyyətsiz hesab edirlər. Məsələn, bəziləri qeyd edir ki, kənddə inək yağının qiyməti 13-15 manatdır, lakin alan yoxdur. Ortalama olaraq yüz litr süddən 75-85%-lik 5-7 kq yağ hasil olur ki, bunun da elə xammal dəyəri yüz manat təşkil edir.
Bu sahədə reallıq nədən ibarətdir? "Kərə" yağının real qiyməti və xammal dəyəri nə qədərdir? Ən çox istifadə olunan və etibar göstərilən məhsullar hansılardır - marketdə 24 manata satılan, yoxsa kəndlərdə 13-15 manata satılan yağlar? Alıcılar bu məhsulu alarkən nəyə diqqət etməlidirlər?
Kənd təsərrüfatı mütəxəssisi Akif Nəzirli Bizimyol.info xəbər portalının suallarını şərh edib.
"Öncəliklə, müəyyənləşdirmək lazımdır ki, neçə litr süddən neçə kq yağ almaq olar. Standart olaraq, bir inək südünün yağlılığı 3,6%-dir. Yəni sağılan südün 3,6%-i yağdır. Yüz litr südün 3 kq 600 qram yağ çıxmalıdır. Bəzi hallarda bu, dörd faizə qalxır. Bəzi inək südlərinin yağlılığı çox olur. Bəzisində isə az olur və yağlılıq 3% olur. Xülasə, yağlılığı yaxşı olan inək südünün yüz litrindən 4 kq yağ götürmək olar. Bu, dəqiq hesabatdır. Satıcılar mexaniki olaraq belə hesablayıblar ki, südün litri bir manatdır və yağın bir kiloqramı 25-30 manata gəlib çıxır. Yaxşı yağlılığı olan inəkdə bu, 25 manata gəlib çıxır. Yağlılığı aşağı olan inəklərdə isə 30 manat və üzəri olur. Xammalın qiyməti ilə hesabladıqda, belə olur. Amma məsələ burasındadır ki, xammalın pərakəndə satış qiymətini bu gün hesablamaq düzgün deyil. Birincisi, yağ hazırlayan fermerin inəyi bir-iki deyil. Onun inəyi çoxdur ki, verdiyi süddən yağ hazırlayır. Yəni, minimum 3 inəyi olan "kərə yağ" hazırlayır. Əslində fermerə süd təxminən 50-60 qəpiyə başa gəlir. Fermer həmin o südün süzgəcdən keçən hissəsini də 15-20 qəpiyə satır. Beləliklə, yağın qiyməti xammalın qiymətinə düşdü və qiymət 45 qəpik oldu. Demək, bir litr süd fermerə 45 qəpiyə başa gəlir. Yüz litr süd üçün isə 45 manat xərci çıxır. Yüz litr süddən də üç kq yağ hazırladıqda, minimum olaraq, bu yağın bir kiloqramı 15 manata düşür. Elə indi hal-hazırda rayonlarda kərə yağının qiyməti doğrudan da 15 manatdır. 15-18 manat arası dəyişir. İndi inəyinin yağlılığı aşağı olan fermer onu 18 manata satır, inəyinin yağlılığı yüksək olan fermer onu 15 manata satır. Təmiz kərə yağının bazarlarda xalis qiyməti 15 manatdır. O da hesablamalara uyğun olaraq, tam dəqiq qiymətdir və həmin o yağı təmiz şəkildə hazırlayıb 18 manata satan da, 15 manata satan da hər kiloqramda 3 manat mənfəətə malik olur. Yəni 18 manata satan 15 manat xərc çəkir, 3 manat qazanc əldə edir. 15 manata satan isə yağlılığı yüksək olduğu üçün 12 manat xərc çəkir və 3 manat mənfəət əldə edir. Mən bu hesabın mütləq belə olduğunu demirəm. Ola bilsin, 15-18 manata yağ satan adamlar ona başqa yağlar da qarışdırır. Bu, artıq həmin sahibkarın vicdanına qalıb. Kustar üsulla hazırlanan təmiz yağda mənfəət 2-3 manatdır. Ancaq o məhsula marqarin və ya başqa yağlardan qatırsa - məsələn, palma yağı da qata bilərlər, amma indi kəndlərdə o yağı əldə edəcək şərait olmadığına görə, həmin texnologiyaya malik olmadıqlarına görə, marqarin əlçatandır - o zaman bu, fermerin öz vicdanına qalıb" - deyə, mütəxəssis qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info






