Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın Sumqayıt-Yalama dəmiryolunun inşası və strukturunun bərpası üçün 400 milyon dollar məbləğində kredit ayırıb. 6 dekabr 2017-ci ildə bankın Direktorlar Şurası krediti təsdiqləyib.
Bu barədə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyindən bildirmişdilər. Həmçinin bankın saytında məlumatlar yer alıb.
Sumqayıt-Yalama dəmiryolu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq şəbəkəsi çərçivəsində Şimal-Cənub DəmirYolu Dəhlizi üzrə əsas əlaqə xətti sayılır.
Bankın Azərbaycan üzrə ölkə direktoru Kendis Makdeyqan bir müddət əvvəl müsahibəsində bildirmişdi ki, bu layihəyə 250 milyon dollar strateji kredit və 150 milyon dollar layihə krediti daxildir.
Layihənin kredit komponenti Sumqayıt-Yalama yolunun yenidən qurulması üçün maliyyələşməni nəzərdə tutur. O da vurğulanmışdı ki, layihənin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Keçən həftə bu haqda yazmışdıq, iş gecikir. İşin 2026-cı ilin ortalarından tez təhvil verilməyəcəyi indidən məlumdur. Layihə necə gəldi həyata keçirilir. Problemlər o qədərdir ki, hansından başlayacağımızı da bilmirik.
Hər şeydən əvvəl Azərbaycan Dəmir Yolları ictimaiyyəti məlumatsız saxlayır. İşlərin necə getdiyini bilmək olmur. Qapalı səhmdar cəmiyyətinin saytında da nəsə tapmaq mümkünsüzdür. Nə kredit müqaviləsini görmək olur, nə köçürmə, satınalma planı kimi sənədləri. Hər hansı hesabatsız iş aparılır. Azərbaycan Dəmir Yolları hətta kompensasiya almalı olan vətəndaşlarla da hesablaşmır. Onların layihədən xəbəri belə, yoxdur.
Monitorinq üzə çıxrıb ki, layihə həm də bir sıra yolları bağlayır. Ayrı-ayrı vətəndaşlar bundan sonra ciddi əziyyət çəkəcək. Onlarla ciddi danışıq aparılıbmı? Qətiyyən! Azərbaycan Dəmir Yolları hesab edir ki, layihəni heç kimlə hesablaşmadan həyata keçirə bilər. İşləri məhz yerli vətəndaşların istəyini nəzərə almadan tamamlamağı düşünürlər.
Azərbaycan Dəmir Yolları hər imkandaca yaxasını kənara çəkməyə çalışır. Təsəvvür edin, dövlət borcunun 8 faizi təkcə bu layihəyə görə yaranıb. Azərbaycan Dəmir Yolları xaricdən borc alan dövlət qurumları arasında ilk üçlükdə yer alır. Necə böyük pullar ayrılır, amma iş başdansovdu aparılır. Məsuliyyətsizliyin ən yüksək həddi ortaya qoyulur.
Aytən, Bizimyol.info






