Ölkənin xarici ticarət dövriyyəsində ixracın həcminin idxaldan az qala iki dəfə böyük olduğu dövrlər vardı. İldən-ilə ümumi dövriyyədə ixracın payı nəzərəçarpan dərəcədə azalır. İdxalın artımı isə hər ay hiss olunur. Elə bir sahə qalmayıb ki, idxalsız ayaqda dayana bilsin. Ölkə iqtisadiyyatı bu istiqamətdə həmişə axsadı, heç vaxt sərbəst hərəkəti bacarmadı. Rəqəmlər də gəldiyimiz nəticəni təsdiq edir.
Bizimyol.info xəbər verir ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 17 faizə qədər azalıb. Ölkə üzrə ixracın azalmasında faiz 28-i keçir. Ümumilikdə, ölkədən çıxarılan məhsulların dəyəri 13 milyard dollara çatmır. Ölkəyə gətirilən məhsulların həcmi isə 9 milyard manatdan azdır. Məhz idxalda artım müşahidə edilir. Son bir ildə artım 8,2 faiz olub.
Azərbaycanda ərzaq idxalından asılılıq arzuolunmaz səviyyəyə yaxınlaşır. Ölkəyə xeyli yeyinti məhsullarını gətirmək lazım gəlir. Yerli istehsalın həm yetərincə, həm də keyfiyyətli olmaması sözünü deyir.
Elə istiqamətlər var ki, orada idxalın artması çox kədərli görünür. Məsələn, meyvə-tərəvəz idxalının indiki səviyyəsi yaxşı bir şey vəd etmir. Son üç ildə çay idxalı iki dəfədən çox artıb. Bununla iqtisadiyyatın gələcəyini təsəvvür etmək olmur.
Neft gəlirlərinin azalması ixracın qüdrətini sarsıdır. Həm qiymətlər ürəkaçan səviyyədə deyil, həm də hasilat kəskin azalıb.
Mütəxəssislər bəzi yataqların istismarına ümid etməyi məsləhət görürlər. Amma görünən budur ki, hasilat yalnız azalacaq. Qaz ixracı müsbət saldonun saxlanmasına xidmət edir. İstənilən halda yenə vəziyyətin tezliklə yaxşılaşmayacağı təəssüratı var.
Hələ ilin ilk 4 ayının hesabatı zamanı durumun pisləşdiyi diqqət çəkirdi. İxracın son bir ildə 35 faizdən çox azaldığı məlum olmuşdu. İndi də vəziyyət fərqli deyil. Ölkə iqtisadiyyatı heç yerində saymağı da bacarmır. Bu gedişlə bir müddət sonra ixrac və idxal payının bərabərləşməsinin şahidi olacağıq.
Aytən, Bizimyol.info






