Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güc mərkəzlərinin oyuncağa çevrilmiş Ermənistanda "maraq" toqquşması yeni münaqişəyə siqnaldır"
"Güc mərkəzlərinin oyuncağa çevrilmiş Ermənistanda "maraq" toqquşması yeni münaqişəyə siqnaldır"

Məkrli siyasətdən əl çəkməyən Qərb regionda təxribat törətmək üçün Ermənistana qoşun göndərməyə çalışır. Ermənistana yeni silahlar verilir. Bu hərəkət növbəti müharibə ehtimalını artırır. Bunu son həftələrdə Ermənistanın Azərbaycana qarşı aqressiv davranışlarından da hiss etmək olar. Ermənistana güc verən, aqressivləşdirən mənbə ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ona verilməsidir. Bu da o deməkdir ki, yeni bir müharibə ehtimalı var.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prinsip cəhətdən belə gözlənilirdi. Çünki geosiyasi arenada nəhəng güc mərkəzlərinin maraqlarının toqquşması bu gün istər yaxın Şərq, istər Avropanın Ukrayna ərazisində müharibələrə və döyüşlərə insan itkisinə dağıntıya səbəb olur. Belə olduğu halda bu prosesin digər regionlarda da baş verməsi gözlənilən idi.

Şair Ramaldanov Şair Ramaldanov

“Hazırda bu proseslərin gedişi cənubda - orta dəhlizin keçdiyi bir istiqamətdə müşahidə edilir. Orta dəhliz dünyada həcminə görə ikinci dəhlizə çevrilir və bu da böyük dövlətlərin, güc mərkəzlərinin diqqətini cəlb edir. Bütün regionlarda Ermənistan kimi marionet, müstəqil olmayan rejimlər və dövlətlər var. Onlar böyük dövlətlərin əlində alətə çevrilərək, həmin regionda maraqlarını təmin etmək üçün istifadə olunur. Bizim regionda da bu funksiyanı Ermənistan daşıyır. Bu günə qədər müəyyən bir şəkildə başqa bir gücün maraqlarına uyğun hərəkət edir”-deyə ekspert bildirib.

Hərbi ekspert qeyd edib ki, bugünkü geosiyasi şəraitdə Qərb və ABŞ-ın bu regionda maraqlarını təmin etmək üçün müəyyən addımlar atılır. Bu da gözlənilən idi.

Ekspertin fikrincə, burada səbəb, ABŞ və Qərb mərkəzlərinin bu regionda öz maraqlarını təmin etməkdir. Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət hesab edildiyi üçün kiminlə hansı əlaqələri və hansı formada bağladığını onun öz daxili işi kimi qiymətləndirmək olar.

“Bu, təhlükəli və bu regiona xəyanətkar bir mövqedir. Çünki Qərb və ABŞ-ın maraqlarının Ermənistan ərazisində Rusiyanın maraqlarının tapdalanması hesabına edilməsi düşünülür. Belə olduğu halda iki güc mərkəzinin Ermənistanda toqquşması, bunun nəticəsində yeni bir münaqişə ocağının yaranması istisna edilmir. Bu da region üçün çox böyük təhlükə mənbəyi kimi qiymətləndirilməlidir”-deyən ekspert hesab edir ki, bu prosesin başlanması üçün qığılcım və yaxud başlanğıc Ermənistanın Azərbaycanla şərti sərhəddə atəşkəsi pozmaqla və yaxud hansısa təxribat törətməklə müşahidə oluna bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »