Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qanun pozulanda insan arasında kişi-qadın ayrı-seçkiliyi etmədən hüquqi cəza tətbiq olunur"
"Qanun pozulanda insan arasında kişi-qadın ayrı-seçkiliyi etmədən hüquqi cəza tətbiq olunur"

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2023-cü ildə 25 min 6 cinayət törətmiş şəxs müəyyən edilib. Onlardan 1299-u qadın olub. 2022-ci ildə isə 24 min 432 cinayət törətmiş şəxsdən isə 1227-si qadın olub. Bu statistika onu sübut edir ki, cinayətə meylli qadınların sayı artır. Statistika Komitəsinin məlumatına görə isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

Qadınlar cinayətə niyə meyl edir? Bunun psixoloji səbəbləri varmı?

Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qanun qarşısında kişi də, qadın da eyni hüquqa malikdir.

Ramin Hacıyev Ramin Hacıyev

“Hər ikisi cinayət törədirsə, bu zaman gender bölümü olmamalıdır. Yəni qadınlara qadın olduğu üçün heç bir güzəşt yoxdur. Bu məsələnin hüquqi tərəflərini hüquqşünaslar daha yaxşı bilər”-deyən psixoloq bildirib ki, qadınların cinayət törətməsi gözləniləndir.

“Müasir reallıqda bizim qadınlar bizim bəylər kimi eyni işdə çalışır, sükan arxasında olur. Azərbaycan qadınları çox müasirdir və çox aktivdir. Belə olduğu halda əgər onlar sükan arxasında hər hansı bir avtonəqliyyat hadisəsi törədirsə, bu da qadın cinayətlərinin statistikasını artırır. Qısqanclıqdan yaranan mübahisələr və cinayət hallarının olması da qaçılmazdır. Çünki bizim cəmiyyətdə bu da çox aktual bir mövzudur. Mən öz işimdə bununla tez tez üzləşirəm. Çünki qısqanclıq zəmnində insan-insana bilərəkdən və yaxud bilməyərəkdən hansısa fiziki xəsarət də yetirə bilər və onun hansısa bir başqa bir əmlakına da xəsarət yetirə bilər. Bu da statistikanı artırır”-deyə psixoloq bildirib.

Psixoloq həmçinin qeyd edib ki, bizneslə məşğul olan qadınlarımız da var. Belə olan halda iqtisadi baxımdan hər hansı bir qanun pozuntusu olursa, bu da cinayətdir. Çünki vergidən yayınma və yaxud bizneslə əlaqəli qanunvericiliyə zidd addımlar da cinayətdir.

Psixoloq qeyd edib ki, qadın əmək islah kaloniyaları sovetlər dönəmindən olub və indi də var. Belə yerlərin olması onu göstərir ki, xanımların qanun pozuntusuna yol verməsi tarix boyu olub, indi də var. Gələcəkdə də olacaq. Ona görə də məsələyə bir az sakit yanaşmağımız lazımdır.

“Tutaq ki, tikintidə işləyən qadınlar var. Tikintidə də əgər hər hansı bir hadisə olursa və orada rəhbər qadındırsa, tutaq ki, əməyin qorunmasının təşkili və idarə olunması baxımdan hər hansı bir hadisə olubsa, bu da qadın cinayətlərinin statistikasını artırır. Ona görə biz bu məsələyə duyğusal yox, reallığın bir hissəsi olaraq yanaşmalıyıq. Qanun qanundur və qanun kişi qadın fərqini görmür. Yəni qanun qarşısında biz hamımız eyni hüquqa malikik”-deyə Ramin Hacıyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »