Həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin yenidən məhkəməsi başlayıb. 2018-ci ildən həbsdə olan keçmiş deputatın 6 illik cəzasının başa çatmasına ay yarım qalmış onun barəsində cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamı ilə yeni cinayət işi başlanmışdı. Bu məhkəmə prosesi də yeni cinayət işilə bağlıdır.
Bizimyol.info xəbər verir ki, avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmədə Hüseyn Abdullayevin vəkilləri Ceyhun Yusifov, Şəhla Hümbətova Və Günay İsmayılova bir neçə vəsatət qaldırıb. Onlar sabiq deputatın səhhətinin ağırlaşdığını, onun həyatının təhlükə altında olduğunu bildiriblər. Vəkillər onun özəl xəstəxanalrdan birinə müayinəyə aparılmasına icazə verilməsini istəyiblər.
Şəhla Hümbətova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyəti təxminən bir aydır çox ağırdır. O, vəkillərlə görüşə başqa şəxslərin köməyilə, yaxud da arabada gətirilib-aparılır. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin şöbə rəisi onu müayinə edərək, rəy verib. Rəydə göstərilib ki, onun ürəyində çağıq var: “Bu da o deməkdir ki, infarkt keçirib. Üstündən 3 həftə keçsə də ona lazımi tibbi yardım göstərilməsi üçün heç bir addım atılmır. Səbəbi də bizə məlum deyil. Bu adam ölsə, məsuliyyəti heç kim üzərinə götürməyəcək”.
Şəhla Hümbətova keçmiş deputatın ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb.
Digər vəkil Ceyhun Yusifov da Hüseyn Abdullayevin səhhətindəki problemlərlə əlaqədar məhkəməyə gəlib-getməkdə çətinlik çəkdiyini bildirib. Məhkəmə prosesinin videokonfrans vasitəsilə keçirilməsi, sabiq deputatın online qaydada məhkəmədə iştirakı barədə vəsatət qaldırıb.
Daha bir vəkil Günay İsmayılova ümumiyyətlə, bu işdə cinayət tərkibi olmadığını əsas gətirərək, Hüseyn Abdullayevin haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O həmçinin təqsirləndirilən şəxsin vəkillərinin yanında əyləşməsi barədə də vəsatət verib.
Hüseyn Abdullayev özü də vəziyyətinin ağır olduğunu bildirib: “Məni zəhərləyiblər. 25 gündür ağır vəziyyətdəyəm”.
Hakimlər qaldırılmış vəsatətlərin bir hissəsini təmin edib. Hazırlıq iclasının qərarına əsasən, Hüseyn Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək. Orada ətraflı müayinələrdən sonra məhkəməyə onun vəziyyəti barədə rəy veriləcək. Məhkəmə həmçinin Hüseyn Abdullayevin proseslərə videokonfrans vasitəsilə qoşulması barədə vəsatəti də təmin edib.
Lakin cinayət işinə xitam verilməsi barədə vəsatət baxılmamış saxlanılıb. Ev dustaqlığına buraxılması haqda vəsatət isə təmin edilməyib.
Hüseyn Abdullayevin işi üzrə məhkəmə baxışı avqustun 22-nə təyin olunub.
Hüseyn Abdullayev 2018-ci il aprelin 18-dən həbsdədir. O, dələduzluq, vergidən yayınma və s. İttihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
2024-cü il martın 4-də - həbsdə ola-ola onun haqqında yeni cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun yaydığı məlumata görə, Hüseyn Abdullayev 5.5 milyon manatdan çox pulu yerli və xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar almaqla, leqallaşdırmaqda ittiham olunur.
Vəkillərinin bildirdiyinə görə, o, ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
Hüseyn Abdullayev deputat olduğu dövrdə - 2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, sonradan şərti cəza ilə azadlığa buraxılmışdı. O, daha sonra Almaniyaya gedərək, orada oturum almışdı.
Aytən, Bizimyol.info






