Yanvarın ilk günlərindən biri həm də ölkənin ən böyük prosessinq mərkəzi olan “Azəricard”ın işinin dayanması ilə yadda qalmışdı. Ayın 6-sı qurum 7 saat müştərilərə xidmət göstərə bilməmişdi. Şişirtmədən bank sektorunun həmin gün "kollaps" yaşadığını demək olar. Müştərilər çox çətin vəziyyətdə qalmışdı. İaşə obyektləri normal fəaliyyət göstərmək imkanından məhrum qalmışdı.
Bizimyol.info xəbər verir ki, “Azəricard” məsələnin üzərindən beş gün keçəndən sonra açıqlama vermək qərarına gəlib. Hər şeydən əvvəl UPS (birləşmiş göndərmə xidməti) avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı gözlənilməz gərginlik sıçrayışı baş verdiyi bildirilib. İddia edilir ki, bunun nəticəsində cihazlar sönərək sonradan yenidən işə düşüb. Saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanıb və xidmət göstərmək mümkün olmayıb. Storage avadanlığını isə dərhal blokdan çıxarmaq alınmayıb. Açıqlama bu qədər. Sadə ifadələrlə desək, enerji ötürülməsində problem yaranıb, sistem yenilənib, bundan sonra bloklanaraq işə düşməyib.
“Azəricard” sanki açıqlamanı ictimaiyyətin “gözündən pərdə asmaq” üçün verib. Açıqlamada bütün suallara cavab tapmaq mümkün deyil. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də belə fikirləşir.
Ekspertin sözlərinə görə, bir sıra suallar cavabsız qalıb. Məsələn, niyə 7 saat ərzində sistemi işə salmaq mümkün olmayıb? Hansı avadanlıqlar olub? Quruma verilən bu texnologiyanın təchizatçısı, istehsalçısı kim olub? Nə üçün anında reaksiyalar olmayıb? Nə üçün “backup” versiya işə düşməyib? “Backup” hansı texnologiya üzərində “oturubmuş”?
Osman Gündüz deyir ki, tenderlərin siyahısına baxanda “Azəricard”ın “storage”-lərinin HPE texnologiyası olduğunu görmək olur. Bu cür hadisələrin məhz HPE nümayəndəliyinin ölkəmizdə bağlanmasından sonra baş verməsini də ekspert təsadüf saymır:
“Maraqlıdır ki, lokal texniki dəstəyin olmadığı bir şəraitdə belə bir strateji qurumda, yüz minlərlə vətəndaşın bank məlumatları yerləşən sistemə kim müdaxilə edə bilib və problemi aradan qaldıra bilib? Artıq HPE ilə bağlı bir neçə dəfə dövlət qurumlarında belə hallar təkrarlanıb. Bildiyim qədər bu cür qurumlara belə resurslar veriləndə ciddi təminatlar olur, müqavilələr bağlanır. Normalda bu cür problemlər anında, qısa zaman kəsiyində aradan qaldırılır. 15 banka xidmət edən, “Mastercard” və “Visacard” kimi qurumlardan lisenziyası olan “Azəricard”ın 7 saat donması ağlasığmazdır”.
Maraqlıdır ki, böhran vəziyyətində müəyyən məsuliyyət daşıyan Mərkəzi Bank da, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də susur. “Azəricard” isə işinin öhdəsindən gələ bilməməsini adi texniki hadisə kimi göstərməyə çalışır.
Aytən, Bizimyol.info






