Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Nəqliyyat eksperti tramvay xətlərinin digər ictimai nəqliyyat növlərinə görə daha əlverişli və ucuz başa gələ biləcəyini qeyd edib.
"Tramvayların 20 il bundan öncə ləğv olunması haqda verilən qərarın yanlış olduğunu düşünürəm. Biz indi bunun fəsadlarını da müşahidə edirik. Görürük ki, çeşidli ictimai nəqliyyat olmayanda, hansı nəticələrə gətirib çıxarır. Tramvayların yenidən fəaliyyəti vacibdir, labüddür və düşünürəm ki, yerüstü relsə malik ictimai nəqliyyata üstünlük verilməsi gərəklidir. Bu, baş planda da öz əksini tapıb, yəni müəyyən marşrutlar üzrə çəkilməsi nəzərdə tutulub.
Tramvayın digər ictimai nəqliyyat xətlərindən üstünlüyü birinci növbədə odur ki, yerüstündə çəkildiyinə görə, xüsusilə metro ilə müqayisədə daha ucuz başa gələcək. Avtobusla müqayisə etsək, tutumu baxımdan daha çox sərnişin daşıya bilir. Məsələn, avtobus 80 nəfər daşıyırsa, tramvay 345 nəfəri birdəfəyə daşımaq imkanına malikdir. İstismar ilində də yenə də fərqlər var. Belə ki, tramvaylar 30 il fəaliyyət göstərə bilir, avtobuslar yeddi-on ildən sonra artıq dəyişilməli olurlar.
Ümumi tıxac problemi pəncərəsindən yanaşırıqsa, o zaman baş planda da nəzərdə tutulduğu kimi, fərqli-fərqli ictimai nəqliyyat növləri, o cümlədən, tramvay xətləri, mikromobillik vasitələri - piyada insfrastrukturu, velosiped və avtobus zolağı şəbəkəsi, şəhərətrafı elektrik və metro qatarı şəbəkəsi kimi vasitələr tıxac probleminə ciddi alternativ mənbə olacaq. Bunlar mərhələli şəkildə icra olunmalıdır. Reallığa baxsaq, hər şey maliyyəyə bağlıdır və bu qədər resursumuz olacaqmı, bu da böyük bir sual ortaya çıxarır.
Baş planda metro ilə bağlı daha çox stansiya qeyd olunub, lakin reallıqda vacib olan istiqamətlər var ki, bunlar çəkilməlidir. Onlardan Koroğlu-Dərnəgül, Xətai-Həzi Aslanov, Dərnəgül deposu arası əlaqədir. Xətlərin ayrılması layihəsi, bənövşəyi xəttin şəhərə gətirilib Xətai ilə əlaqələndirilməsi vacibdir. Şəhərətrafı elektrik qatarı şəbəkəsi də vacibdir və düşünürəm ki, həmin layihəni icra etmək realdır. Çünki bir çox istiqamətlər mövcuddur. Onları modernləşdirib, hərəkət tərkibini nəzərə almaqla, bu məsələ həll edilə bilər" - deyə, nəqliyyat eksperti qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info






