Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər keçirmək üçün qonşu Yunanıstana səfər edir.
Bizimyol.info xəbər verir ki, Tütkiyə Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan Yunanıstanın paytaxtı Afinada rəsmi mərasimlə qarşılanıb.
Prezident daha sonra yunanıstanlı həmkarı Katerina Sakelaropulu ilə görüşüb. İki lider görüşdən əvvəl birgə mətbuat konfransı keçirərək yeni dövrlə bağlı mesajlar verib.
Yunanıstan prezidenti Sakelaropulu Türkiyə ilə Yunanıstan arasında müxtəlif mövzularda fərqli yanaşmaların olduğunu bildiklərini, lakin əməkdaşlığı genişləndirərək bölgədə sülhü inkişaf etdirməyi hədəflədiklərini bildirib.
Sakelaropulu: “Yunanıstan və Türkiyənin mövcud müsbət siyasi iradəni hər zamankından daha çox inkişaf etdirməsi vacibdir”, - deyib.
Sakelaropuludan sonra prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək 5-ci Yüksək Səviyyəli Strateji Şura Toplantısının Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün güclənməsinə səbəb olacağına inandığını bildirib: “Hədəf aramızdakı ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. Bununla bağlı hansı addımlar ata biləcəyimizi müzakirə edəcəyik”, - deyə Prezident Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti: “Düşünürəm ki, stəkanın yarısının dolu olması halında danışmaq gələcək üçün daha yaxşı nəticələrin olacağına işarədir”, - deyib.
Prezident daha sonra Yunanıstanın baş naziri Kiriakos Miçotakislə görüşəcək. Afinada Ərdoğan və Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.
Qadir, Bizimyol.info






