İsveçin xarici işlər naziri Tobias Billström etiraf edib ki, Türkiyənin F-35 qırıcıları alması və krallığın NATO-ya üzv olmaq üçün müraciətini ratifikasiya etməsi bir-biri ilə bağlıdır.
Bizimyol.info xəbər verir ki, o, bunu NATO ölkələrinin xarici işlər idarələri rəhbərlərinin görüşünə gələrkən deyib.
İsveç Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlərə bildirib ki, Ankaranın İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməsi respublikanın döyüş təyyarələri ilə təmin olunmasından asılıdır: “Biz artıq bilirik ki, bu iki məsələ bir-biri ilə bağlıdır – Ərdoğan artıq sentyabr ayında bu barədə danışmışdı. Bu, necə deyərlər, sadəcə olaraq çox pis saxlanılan sirrdir. Ancaq yadda saxlamalıyıq ki, İsveç artıq NATO-ya daxil olmaq üçün bütün tələbləri yerinə yetirib”, - deyə nazir Billström qeyd edib.
Billström vurğulayıb ki, o, Vilnüsdə Şimali Atlantika Alyansının sammitində əvvəllər müzakirə edildiyi kimi, sənədin tezliklə ratifikasiyasına ümid edir. İsveç Xarici İşlər Nazirliyinin rəhbəri ilə türkiyəli həmkarı arasında Brüsseldə də görüş nəzərdə tutulduğu bildirilir.
İsveçin alyansa qoşulması ilə bağlı protokollar hələ ki, təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Krallığın NATO-ya müraciətini təsdiqləmək üçün Türkiyə ölkənin hakimiyyət orqanlarından yenilənmiş terrorla mübarizə qanununu praktikada tətbiq etməyi və bu cür hadisələrin qarşısını effektiv şəkildə almağı tələb edir.
Qadir, Bizimyol.info






