Qəzza zolağından həqiqətən baş verən hadisələr Türkiyə-İsrail münasibətlərində ciddi problemlər yaradıb, gərginliyi artırıb. Xüsusən normallaşan və ya normallaşma trendində olan münasibətlərin bu gün gəldiyimiz nöqtədə donduraraq, müəyyən mənada geri plana düşməsinə səbəb olub. Türkiyə tərəfdən bu hadisələrlə bağlı sərt açıqlamalar gəlir. İsrail də geniş şəkildə bu çərçivədə sərt açıqlamalar verir…
Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə açıqlamalarının təməlində İsrailin Qəzzada əməliyatları var.
Nazim Cəfərsoy“Və bu əməliyatları bəşəriyyətə qarşı olan insanlığa zidd əməliyatlar olaraq, xarakterizə edib. Bunu sadəcə Türkiyə Xarici İşlər Nazirliyi və ya Türkiyə prezidenti dilə gətirmir. Eyni zamanda ictimaiyyətdə də bu istiqamətdə ciddi reaksiyalar var. İstanbulda keçdiyimiz həftə böyük bir mintiq “Fələstinə dəstək” mitinqi keçirilmişdi. Digər tərəfdən, cəmiyyətdə İsrailin hərəkətlərinə yönəlik olaraq Türkiyə daxilində müxtəlif yəhudi sərmayəli olduğuna inanılan, İsraillə əlaqəli olduğuna inanılan şirkətlərə yönəlik müəyyən hərəkətlər də olub.
Eyni zamanda Türkiyədə MHP lideri sayın dövlət Bağçalı da bu istiqamətdə açıqlamalar verib. Bu gün artıq o açıqlamalarında “Fələstinin təhlükəsizliyi, Türkiyənin təhlükəsizliyidir” fikri ilə məsələni çox kəskin bir şəkildə ortaya qoyub. Türkiyə müxalifətinin də bu məsələdə mövqeyi sərtdir”-deyə şərhçi qeyd edib. Onun sözlərinə görə, bütün bunlar - həm daxili, həm xarici amillər göstərir ki, Türkiyə-İsrail münasibətlərində gərginlik ciddi şəkildə artıb. İsrail də iki açıqlama verərək, əslində Türkiyə əleyhdarı münasibətlərin daha da gərginləşməsinə xidmət edən bir yanaşma ortaya qoyub.
“Onsuz da əməliyatlar səbəbindən İsraillə münasibətdə Türkiyədə ciddi narahatlıqlar var. Bununla yanaşı, İsrail tərəfindən gələn müəyyən açıqlamalar da Türkiyədəki milli yəhudilərin təhlükədə olduğu ilə bağlı müəyyən mesajları ehtiva edir. Bundan əlavə, Türkiyədəki İsrail diplomatları Tel-Əviv şəhərinə çağrılıb”-deyən Nazim Cəfərsoy qeyd edib ki, bütün bunları nəzərə alsaq, həqiqətən münasibətlərdə ciddi bir gərginlik olduğunu və bir normallaşma prosesinin dayandığını, hətta pisləşməyə başladığını demək mümkündür.
İradə Cəlil, Bizimyol.info






