Avro dövriyyəyə buraxıldığı 20 ildən çox müddət ərzində qeyri-sabit valyuta kimi tanınıb. Bəlkə də, böyük coğrafi ərazini əhatə etməsi belə imic formalaşdırıb. Hər halda banklara əmanətlərin avroda qoyulması ilə bağlı statistika bu valyutaya çox güvənilməməsini ortaya qoyur. Çünki Avropa pulu qitənin iqtisadi əhvalına uyğun olaraq dəyər itirir və ya qazanır. Qeyri-sabitlik isə güvən məsələsində özünü göstərir.
Bizimyol.info xəbər verir ki, avro yenə dəyər itirməyə başlayıb. Avropa valyutasının məzənnəsi dollara yaxınlaşır. İndi 1 avro təxminən 1,05 dollara bərabərdir. Bu günlərdə hətta 1,04 həddi də qeydə alınıb.
Azərbaycanda da fərqli mənzərə nəzərə çarpmır. Oktyabrın 26-da Bakıda avronun alış məzənnəsi 1,78 manatdan yüksək olmayıb. Əksər banklar və lisenziyalı valyutadəyişmə məntəqələri 1 avronu 1,77 manata almağa razılaşıb.
Bizim ölkədə avro bir o qədər populyar deyil. Qeyri-rəsmi hesablaşmalarda daha çox dollar ekvivalent kimi qəbul olunur. Banklara xarici valyuta ilə qoyulan əmanətlərin əksər hissəsi də ABŞ pul vahidiylədir. Avronun burada payı çox deyil.
Avro niyə dəyər itirməyə başlayıb?
Bu məsələdə mürəkkəb iqtisadi terminlər seçməyə, valyuta bazarında baş verənləri çətin anlaşılacaq ifadələrlə izah etməyə çalışmaq gərək deyil. Çünki son illər avronun məzənnəsinə bir amil daha çox təsir edir. Qış yaxınlaşdıqca Avropa valyutasına güvən azalır. Çünki qış köhnə qitə üçün asan gəlmir.
Rusiya ilə münasibətlərin kəskin pisləşməsi Avropanı təbii qaz problemi ilə üz-üzə qoyub. Kreml Avropa İttifaqına xitabən istifadə etdiyi ifadələrdə məhz qaz amilini nəzərə alaraq təhdid tonunu özünə rəva görür. Qitənin Moskvadan enerji asılılığı hələ də qalır. Düzdür, son bir ildə Avropa İttifaqı bu istiqamətdə vacib addımlar atıb. Yəni Rusiyadan asılılıq müəyyən qədər azalıb. Yaxın illərdə Rusiya bazarına ehtiyac tamamilə qalmaya bilər. Hələ ki, bu mövzuda əmin danışmaq olmur.
Avropanı yenə çətin qış gözləyir. Bu məsələyə görə həm də avro zərbə alır. Avropa valyutası hər qış dəyərinə görə dollardan geri qalmaq təhlükəsi ilə üzləşir. Yazın gəlişi ilə avro özünə gəlir, sanki yenidən çiçək açmağa başlayır.
Aytən, Bizimyol.info






