Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tullantı sularına "qovuşan" Xəzər dənizi "ekoloji faciə" limanına çatır... "İstismar" dalğası böyüyür...
Tullantı sularına "qovuşan" Xəzər dənizi "ekoloji faciə" limanına çatır... "İstismar" dalğası böyüyür...

Xəzər dənizi yaxşı günlərini yaşamır. Daha əvvəlki qədər cəzbedici deyil. Bakının, Sumqayıtın tullantı sularının böyük hissəsi dənizə axıdılır. Beləcə, böyük ekoloji faciəyə doğru gedirik. Üstəlik, dəniz sürətlə quruyur. Bakı kəndlərində insanlar qayalıqları aşaraq su hövzəsinə çatmağa çalışır. Xəzəri sözün bütün mənalarında itiririk.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bu istiqamətdə narahatlıqları dilə gətirib. Onun sözlərindən də ölkədə ekoloji vəziyyətin yaxşı olmadığı çıxır. Nazirin müşaviri yanacağın keyfiyyətinin aşağı olduğunu, buna görə də avtomobillərin havanın təmizliyinə böyük zərər yetirdiyini bildirib. Burada Xəzərin vəziyyətindən daha çox danışılıb. Müşavir deyib ki, ölkədə ekoloji qanunvericiliyə tam əməl olunmur. Xəzər dənizinə böyük həcmdə tullantı sularının axıdılması etiraf edilib. Müşavir bildirib ki, tullantı sularının 60 faizi təmizləyici qurğulara yönəldilir. Elə adi müşahidələr də vəziyyətin çox pis olduğunu göstərir. Ölkədə tullantı sularının çox az hissəsi tənzimləmə prosesindən keçir. Dəniz sahillərində bir az gəzişmək kifayətdir ki, durumun necə acınacaqlı olduğu görünsün.

Xəzər dənizi niyə belə günə qaldı?

Həm ayrı-ayrı dövlət orqanlarının, həm də cəmiyyətin laqeydliyi bu vəziyyəti yaradıb. Dəniz suyu inanılmaz dərəcədə çirklənib. Xəzər istirahət üçün əlverişsiz su hövzəsinə çevrilib. Xüsusilə Bakı, Sumqayıt çimərliklərində suya girməyin mənası yoxdur. Yayda Şıxov ictimai çimərliyinə göz gəzdirmək kifayətdir. Suyun üzərində hər cür tullantı, kanalizasiya qalığı görmək mümkündür. Hansı turist belə mənzərə arzulayar? Heç yerli sakinlər də buna müsbət yanaşa bilməz. Xəzər dənizi yaxşı münasibətə layiqdir. Tullantı suları ilə bağlı vacib qərar verilməlidir. Sahillərin təmizliyinə nəzarət olunmalıdır. Xəzəri su ilə təmin edən çayların qeyri-məhsuldar istismarı dayandırılmalıdır. Dəniz sözün birbaşa mənasında özünə gəlməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »