Uzun illərdir ki, Hövsan kəndinin bağrını ox kimi yarıb keçən və ətraf qəsəbələrin qurunt sularını, kanalizasiya sularını, neft artıqlarını dənizə ötürən Hövsan kanalı var. Bu kanal haqqında çox yazıb, çox çəkmişik. Amma reallıq budur ki, bu problemə əncam çəkən tapılmayıb.
Qeyd edək ki, bu kanal vasitəsilə gün ərzində dənizə 100 min kub metr çirkli su axıdılır. Məhz elə bu səbəbdəndir ki, dənizin sahilində həyat sanki ölüb. Dənizə axıdılan çirkab suları bir tək qağayıların işinə yarayır ki, suların arasında özlərinə qida tapa bilirlər. Kanal vasitəsi ilə dənizə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrindən tullantı suları axıdılır.
Qısaca, bu ərazidə bir anti-sanitariya hökm sürür ki, əgər xaricdən Bakının ekoloji vəziyyətinə araşdırmağa gələn olarsa, Hövsan kanalını Bakının sağalmaz yarası adlandırar. Təəssüflər olsun ki, müvafiq aidiyyatı qurumlar məsələyə göz yumub, bu haqda danışmamağa üstünlük verərək, məsələni ört-basdır etməyə çalışır. Dəyişməyən reallıq isə, dənizin hər gün müxtəlif tullantı suları ilə çirkləndirilməsidir. Çox vaxt deyirlər ki, axarı olan su - dənizlər və çaylar murdarlıq götürmür. Yəni nə atırsansa at, axıb gedəcək. Görünür ki, aidiyyatı qurumlar da məsələyə məhz bu prizmadan yanaşırlar...
İradə Cəlil, Bizimyol.info






