Ötən ay Heydər Əliyev Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilib. Simpoziumda İstanbulun Liv hospitalın beynəlxalq xəstə xidmətləri şöbəsinin həkimi Tural Xaspolad da çıxış edib. O, Vətən müharibəsi dövründə döyüşən və şəhid olan həkimlərdən də söz açıb. Həkim qeyd edib ki, onlar cismən olmasalar da ruhları bu gün oradadır.
“Azərbaycan həkimi yalnız ağ xalat geyinib, otaqda xəstə müayinə etmir, Azərbaycan həkimi yalnız xəstə müalicə etmir, resept yazmır. Lazım gələrsə Azərbaycan həkimi ağ xalatı hərbi formaya, isti otağını səngərə dəyişir, Azərbaycan əsgəri və zabiti ilə çiyin çiyinə döyüşə bilir. Bu gün biz dünyanın harasında olmağımızdan aslı olmayaraq, şərəflə, qürurla fəxr hissi ilə “Qarabağ Azərbaycandır” deyə biliriksə, o şəhidlərin sayəsindədir. Bizim başımız üstə ucalan üç rəngli bayrağımızın qırmızı rəngində bu gün qürurla deyə bilərik ki, digər şəhidlərin olduğu kimi həkim şəhidlərimizin də qanı var. Azərbaycan yaşadıqca, Azərbaycan xalqı yaşadıqca onların əziz xatirəsi daim yaddaşımızda qalacaq”-deyə Tural Xaspolad bildirib.
Həkim simpoziumda öz döyüş yolundan da söz açıb.
“Mən cərrah deyiləm, travmatolqq da deyiləm, amma müharibə vaxtı mən ön cəbhədə idim. Cənab General Mais Behbudov təklif etdi ki, “niyə hospitala getmirsən” mən dedim ki, “mən cərrah deyiləm hospitalda bir faydam olmaz”. Çünki həmin dövrdə xaricdə yaşayan Azərbaycanlı həkimlərdən çoxu Azərbaycana gəlmişdi. Bu səbəbdən də dedim ki, “ön cəbhədə xidmət etmək istəyirəm, könüllü döyüşə girmək istəyirəm”. Mən Füzulidən Şuşaya qədər xüsusi təyinatlı “Həmlə” taborunda döyüş yolu keçdim. Bizim taborun 55 şəhidi oldu. Həmin tabor hazırda komanda olaraq fəaliyyət göstərir. Mən həkim idim, həkim olaraq ordada vəzifəmi yerinə yetirirdim. Orada müxtəlif sahələrdən insanlar var idi. Mən yaralananda da eyni tədbirləri onlar mənə göstərdilər. Yəni orada hər kəs sanki həkim idi, cərrah idi. Çünki orda hər kəs bir idi, bir yumruq idi.
Mən əslən Laçın rayonundanam. Uzun müddət 30 ilə yaxın düşmən tapdağı altında qaldı mənim ata torpağım. 2012-ci ildə tələbəlik vaxtında Rumuniyada tələbəlik dövründə praktikaya getmişdim. 8 tələbə idik. Azərbaycandan təkcə mən idim digər 7 tələbə müxtəlif ölkələrdən idi. Bizim mənfur qonşumuzun da, Ermənistanın da orada təmsilçisi var idi. Orada bir ayımızın ikinci həftəsinin 6-cı günü bir tədbir keçirildi və dedilər ki, hər kəs öz ölkəsi haqqında məlumat versin. Məlum məsələdir biz o dövrlərdə getdiyimiz xarici ölkələrdə Azərbaycanın həqiqətlərini çatdırırdıq. Mən də orada qeyd etdim ki, bizim ölkəmizin 20% torpağı düşmən tapdağı altındadır və mən də işğalda olan o rayonlardan birindənəm. Həmin vaxtı gözucu baxdım mənfur qonşumuzun nümayəndəsinə. O, çox fəxrlə və qürurla dayanmışdı. Bu mənə çox pis təsir etmişdi. Mən gələndən sonra dedim bəlkə dünyanın ən ağır ən pis hissidir məğlubiyyət hissi. Amma biz bu gün dünyanın harasında olmağımızdan aslı olmayaraq, qürurla, başımız dik müzəffər ordunun, müzəffər xalqın nümayəndəsi kimi gəzirik”-deyə həkim bildirib.
Tural Xaspolad müharibə illəri ilə bağlı xatirələrini danışarkən qeyd edib ki, Azərbaycan həkimi yalnız elm fədaisi deyil, həm də qəhrəman ordunun nümayəndəsidir.
“Bu gün Azərbaycan bayrağı Laçında, Kəlbəcərdə, Şuşada qürurla dalğalanır. Çox yaxın gələcəkdə Xocalıda, Xankəndində və Zəngəzurda da 3 rəngli bayrağımız dalğalanacaq. O zaman şəhidlərimizin ruhu daha şad olacaq. Bu gün burada 120-ə yaxın azərbaycanlı həkim qatılıb. Xaricdə çox həkim var.
Hazırda bilirsiniz ki, işğaldan azad olunmuş bölgələrdə ciddi quruculuq işləri gedir, tibb məsələləri tibb mərkəzləri sürətlə tikilir. Biz eyni zamanda işğaldan azad olunmuş bölgələrdə də tibb xidmətinin təşkili üçün planlar qurmalıyıq. O torpaqların əsl sahiblərinə bu millətin savadlı gəncləri, savadlı həkimləri xidmət etməlidir”-deyə həkim fikrini yekunlaşdırıb.
İlahin, Bizimyol.info






