ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan, səslərin sayılması davam edərkən, seçkinin ikinci turunun keçirilə biləcəyinə diqqət çəkib.
Bizimyol.info xəbər verir ki, Oğan paylaşımında "Seçkilərin ikinci tura gedəcəyi ehtimalının yüksək olduğunu görürük" deyə bildirib.
"Bu seçkinin açarı türk millətçiləri və kamalistlərdir. Məhərrəm İncə seçkilərdən kənarlaşdırıldıqdan sonra son iki gündə bizə hücum edən, haqsız yerə ittiham edərək, linç edənlərin bu siyasi mənzərədən çıxaracağı çox dərslər olmalıdır”,- deyə o, qeyd edib.
Onu da əlavə edək ki, Ankarada yerləşən otellərdən birində seçkinin nəticələrini izləyən Oğan gecə saatlarında jurnalistlərə açıqlamasında bildirib ki, “hazırda onu ya da bunu dəstəkləyəcəyimizi demirik. Bizim, Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, türklüyün konstitusiyadan çıxarılması cəhdlərinə qarşı sədd yaradılması, 13 milyon sığınacaq axtaran şəxsin ölkədən çıxarılması, Türkiyədəki son iqtisadi böhranın əsas səbəblərindən biri kimi göstərilən “faiz inflyasiyaya səbəb olur” cəfəngiyyatından xilas olması üçün qoyacağımız şərtlər var. İkinci turda kiminsə dəstəyimizə ehtiyacı varsa, ilk növbədə terrordan uzaqlaşmalıdır”.
Bundan əlavə, Oğan 1-2 gün ərzində ATA Alyansının prezidentləri ilə görüş keçirəcəklərini və buna uyğun olaraq yol xəritəsini izləyəcəklərini bildirib.
Oğan, “14 günlük müddətdə üzərimizə düşəni edəcəyik. Biz Türkiyənin böhrana düşməsinə heç vaxt icazə verməyəcəyik”,- deyə qeyd edib.
“Bizi çətin proses gözləyir. Xalqımızı təbrik edir və təşəkkür edirik. Biz çətin şəraitdə seçki kampaniyası apardıq. Bu gün Türkiyədə seçkinin nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Səslər gözlədiyimizdən daha yüksək oldu, amma Türkiyədəki seçki şəraiti bəllidir, ona görə də bu barədə sonra qiymət verəcəm. Yaxın 1-2 gün ərzində biz ATA Alyansının prezidentləri ilə, bazamızla görüşəcəyəm və buna görə də nəticə müəyyən edəcəyik. Bu nəticənin statusuna uyğun olaraq, yol xəritəsimizi tərtib edəcəyik”, -deyə Oğan vurğulayıb.
Leyla Mirzə






