Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə müxalifət qalib gələrsə, lirəni nə gözləyir?
Türkiyədə müxalifət qalib gələrsə, lirəni nə gözləyir?

Danimarkanın ən böyük bankı olan Danske Bankı Türkiyədə seçkidən sonra hökumətin davam etdirilməsinin bazarlara məhdud təsir göstərəcəyini, lakin müxalifətin seçkidə qalib gələcəyi təqdirdə pul siyasətində "sürətli normallaşma" gözlədiklərini bildirib. Bank qeyd edir ki, qısa müddətdə lirədə həddindən artıq volatillik müşahidə ediləcək. Bank bildirir: "Ancaq ortamüddətli dövrdə lirə əhəmiyyətli dərəcədə bahalaşa bilər. Müxalifətin qələbəsi iqtisadi siyasət üçün müəyyəndir. Əgər bu, dönüş deməkdirsə, AKP-nin dövlət idarələrində geniş iştirakı bir çox cəhətdən hakimiyyətin imkanlarını məhdudlaşdıra bilər”.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kimin seçilməsindən asılı olmayaraq, faiz artırılmalıdır və artırılacaq. Bunun səbəbi isə, inflyasiyadır.

Pünhan Musayev Pünhan Musayev

“Bu gün dünyada qəbul olunan illik inflyasiya norması 2 faiz olsa da, Türkiyədə aylıq açıqlanan rəqəm 2 faizin üzərində gəlir. İllik isə, 40-50 faiz səviyyəsində. Onu aşağı salmağın da ən effektiv yolu faiz dərəcələrinin artılmasıdır. Çünki pul siyasətinin hazırki məzənnə hədəfli rejimi qeyri-işləkdir. Bir tərəfdən məzənnəni də sabit saxlamaq olmur, ya ehtiyatlar sürətlə tükənir, ya da türk lirəsi dollar qarşısında tədrici devalvasiyaya məruz qalır. Lirənin dəyər itirməsi isə, nəzərdə tutulanın əksinə, ixracı stimullaşdırmır. Əksinə, idxalın ixracı üstələməsi Türkiyədə hər keçən gün xarici balans şokunu artırır”-deyə iqtisadçı bildirib.

Pünhan Musayevin fikrincə, zəlzələnin də təsirlərini diqqətdən qaçırmaq olmaz. Çünki bu təbii fəlakət iqtisadiyyata çox böyük ziyan vurub. Nəticələri isə aradan qaldırılmayıb. Restavrasiya külli miqdar vəsait tələb edir ki, onu da yalnız daxili resurslarla təmin etmək mümkün deyil. Bu yerdə xarici sərmayənin önəmi birə beş artır. Amma xarici sərmayə də dünyada “ucuz pul erası”nın bitib faizlərin artdığı dönəmdə, aşağı faiz tətbiq edən ölkəyə gəlməz. Yəni, son dövr tətbiq olunan qeyri-müəyyən iqtisadi kurs sərmayə sahibinin Türkiyəyə yatırım etməkdən əlini soyudur. Hətta nəinki xarici, yerli investorlar belə hər gün dəyər itirən lirədən valyuta və qızıla üz tuturlar.

Ekspert hesab edir ki, prosesin bu yerə gəlməsi isə əslində səbəbsiz deyil. Belə ki, bir neçə il öncə “Branson” gərginliyi və Tramp administrasiyasının təzyiqləri Türkiyəni xarici investisiyanı daxili resurslarla əvəzləməyə vadar etmişdi. Əslində istək uyğun idi, sadəcə vasitə və zaman münasib olmadı. Çünki Türkiyə iqtisadiyyatının drayverləri uzun illər xarici sərmayə və idxal ilə formalaşmışdı. Bu formada oturuşmuş bir mexanizmi qısamüddətli faizlərlə əvəzləmək təbii ki iqtisadiyyatı risklə üz-üzə qoymaq anlamına gəlirdi. Digər tərəfdən, tədbirlərin interpretasiyası da uğurlu olmadı.

“İqtisadi siyasət də elə bir şeydir ki, məntiqi izahı olmadıqda populizmə çevrilir. Ən əsası isə güvən sarsılır, ortaya ictimai inamsızlıq çıxır. Onun da qarşısını almaq inflyasiya, iqtisadi yavaşlama, kəsir, borc və s. ilə mübarizədən daha çətindir”,- deyən iqtisadçı hesab edir ki, seçkidən sonra Türkiyə hökumətinin əsas işi faiz qədər inam məsələsi ilə də məşğul olmaq olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »