Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.
Bu gün, mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb. Türkiyənin Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində ilk səsverənlərdən biri səfir Cahit Bağçı olub.
Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün, YSK-nın qərarına əsasən, 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.






