Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı siyasi və hərbi liderlərinin, eləcə də Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidələrin açılmasını qətiyyətlə pisləyib.
Bizimyol.info xəbər verir ki, nazirlik Ermənistanın paytaxtı İrəvanda açılan “Nemesis abidəsi” ilə bağlı yazılı açıqlama verib.
“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi, hərbi liderlərinə, o cümlədən Azərbaycan rəsmilərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik", - deyə məlumatda qeyd edilib. Bəyanatda vurğulanıb ki, bu biabırçı abidənin açılışı 31 diplomatın və onların ailə üzvlərinin həlak olduğu dəhşətli terror aktlarına səbəb olan qanlı terror aktının tərənnümüdür.
Bəyanatda vurğulanıb ki, bu hadisənin erməni mətbuatında təqdim olunması bəzi düşüncələrdə tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsirinin hələ də davam etdiyini göstərib.
Türkiyə XİN-in bəyanatında: “Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək etməyəcək, əksinə, normallaşmaya prosesinə mənfi təsir göstərəcək. Bu, əsası olmayan, uydurma "qəhrəman yaratma" oyunu dövlətllər və xalqlar arasında münasibətlərin mülayimləşməsinə əngəl yaratmağa xidmət edir”, - deyə qeyd edilib.
Qadir, Bizimyol.info






