Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Sudanın Suveren Şurasının (Afrika ölkəsinin rəhbər orqanı) sədri Əbdül Fəttah əl-Burhan və Sudanın Suveren Şurasının sədr müavini, Çevik Cavab Qüvvələrinin (xüsusi təyinatlılar) lideri Məhəmməd Hamdan Daqalo ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, ayrı-ayrılıqda baş tutmuş bu söhbətlərin mövzusu Sudandakı son hadisələr olub.
Ərdoğan xatırladıb ki, Türkiyə Sudandakı keçid prosesini əvvəldən səmimi şəkildə dəstəkləyib, son günlər baş verən hadisələr isə Sudan xalqının 2018-ci ildən bu yana davam edən mübarizəsinə zərbə vuraraq, keçid dövrünün uğurlarının əhəmiyyətini aşağı salır.
Türkiyə Prezidenti münaqişə tərəflərini silahlı qarşıdurmaya və qardaş qırğınına son qoymağa çağırıb.
O, Türkiyənin bundan sonra da Sudan dövlətinə və xalqına dəstəyini davam etdirəcəyini və vasitəçi kimi dialoq platforması təmin etməyə hazır olduğunu söyləyib.






