Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan var. “Normallaşma ehtimalı qeyri-diplomatik və qeyri-siyasi faktorlar - bəşəri dəyərlər səbəbindən artdı, Ermənistan məntiqi olaraq Türkiyədə baş verən dağıdıcı zəlzələyə cavab vermək qərarına gəldi. Sonuncu, öz növbəsində, səmimiyyətimizə inanmasaydı, Marqara körpüsünü yükümüz üçün açmazdı”, - Paşinyan bildirib. Qeyd edək ki, bu ilin fevralında Ermənistan Türkiyəyə bir neçə humanitar yardım göndərib. Son 30 ildə ilk dəfə olaraq Marqara keçid məntəqəsi erməni yük maşınlarının keçməsi üçün açılıb. Paşinyan hesab edir ki, Ermənistan xarici işlər nazirinin fevralda Ankaraya səfəri zamanı dalğalanan bayraqlar sadəcə protokol atributları deyil, ümidsizliyin hökm sürdüyü yerdə ümidin yenidən doğulduğuna dair bəyanatdır. Paşinyan ümid edir ki, yaxın gələcəkdə ölkələr arasında sərhəd açılacaq və iki qonşu arasında normal münasibətlərin əsası qoyulacaq. Amma Paşinyan unudur ki, Qarabağ problemi öz həllini tapmadan Türkiyə ilə münasibətlərini normallaşdırmaq, sərhədləri açmaq mümkün olmayacaq.
Politoloq Tural İsmayılov da Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılması Azərbaycan Ermənistan münasibətlərinin yaxşılaşmasından asılı olan bir məsələdir. Politoloqun fikrincə, bu kontekstdə verilən açıqlamaları qeyri-ciddi hesab etmək lazımdır. Çünki Azərbaycan cəmiyyətinin bununla bağlı konkret müddəaları, istəkləri var.
Tural İsmayılov“Azərbaycan Ermənistana sülhlə bağlı çağırışlarını edib. Lakin, bu günə qədər Ermənistan sülh prosesini manipulyasiya etməklə məşğuldur. Eyni zamanda, Ermənistanla Türkiyə arasındakı əlaqələrin birbaşa normallaşması sırf Azərbaycanla Ermənistan arasındakı sülhdən asılıdır. Bu, baş vermədən hansısa ikitərəfli əlaqələri yüksək səviyyəyə çatdırmaq mümkün deyil. Bununla bağlı Türkiyənin dövlət rəhbərliyinin ortada konkret iradəsi var ki, Azərbaycanın mövqeyi, Azərbaycanın bu məsələdə yanaşması bizim üçün həssas və əsas məsələdir. Bu məsələ ətrafında süni gündəm yaratmaq cəhdləri qəbul edilən bir məsələ deyil”-deyən politoloq hesab edir ki, buna cəhd etməksə, çox böyük bir ayıbı özündə ehtiva edir.
İlahin, Bizimyol.info






