“Beynəlxalq münasibətlərdə dövlətlərin mənfəətləri var. Amma Türkiyə və Azərbaycan münasibətlərində çox maraqlıdır ki, hər iki ölkənin mənfəətləri birlikdə düşünülür. Yəni Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni öz mənfəəti ilə birlikdə düşünür. Bu tarixi bağlar - din, etnik mənsubiyyət hər tərəfli bütünləşmənin bir nəticəsidir. Bu münasibət formatı təbiidir. Avropada baş vermiş maraqlı bir vəziyyəti danışım. Toplantıda Türkiyə əleyhinə Ermənistan təmsilçisi danışan zaman Azərbaycanın ölkə başçısı İlham Əliyev çox maraqlı cavab verir. Prezident "burada Türkiyə yoxdursa da, mən varam" deyir”.
Bu barədə Bizimyol.info xəbər portalına Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb.
Kərəm QarabuludProfessorun fikrincə, bu, çox mənalı bir vəziyyətdir. Yəni Azərbaycan Türkiyə, Türkiyə Azərbaycan deməkdir. Kərəm Qarabuludun sözlərinə görə, 1991-ci ildən sonra, yəni Sovet İttifaqı dağıldıqdan sonra bu münasibətlər inkişaf trendindədir. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu münasibətlər də bir qədər də möhkəmlənib.
Professor bildirib ki, Türkiyə Azərbaycanın xarici ticarətdə bəzən birinci, bəzən ikinci partnyorudur. Bəzən Rusiya da birinci ola bilir. Yəni bu da o deməkdir ki, Azərbaycan xarici ticarətini Türkiyə ilə ortaq qurmaqla bağlı bir anlayışa sahibdir.
“Turizm məqsədilə azərbaycanlıların ən çox gəldiyi ölkələrdən biri Türkiyədir. İldə hardasa 900 min nəfər Azərbaycandan Türkiyəyə gedir. Bu, çox önəmli rəqəmdir. Türkiyədən isə ildə 300-400 min nəfər Azərbaycana gəlir. Amma bu rəqəmlər Qarabağ müharibəsindən əvvəlki rəqəmlərdir. Qarabağ savaşından sonra mənim təxminlərimə görə Azərbaycandan ildə 3 milyon insan Türkiyəyə gələcək, Türkiyədən ən az 1,5 milyon insan Azərbaycana turizm məqsədilə gedəcək”,- deyə professor qeyd edib.
Kərəm Qarabulud ilə videomüsahibənin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






