Milli Məclis tətilə çıxdı

Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Bizimyol.info xəbər verir ki, iclasda çıxış edən deputat Fazil Mustafa iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirib. Deputat deyib ki, maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir. “2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi. Lakin daxili siyasətdə problemlər mövcuddur. Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir”.
Deputat AXC-nın 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu bildirib. “Bu sahədə çox ləng iş gedir və hiss olunacaq səviyyədə deyil. Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib. “Müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar”.
Spiker əlavə edib ki, qarşıdan həm də parlamentin 100 illiyi gəlir. “Biz təxminən gələn ilin iyun ayının 10-a qədər parlamentin 100 illiyini keçirəcəyik. Bu yöndə də müyyən tapşırıqlar verilib”- deyə spiker bildirib.
Deputatlar Gürcüstana etiraz etdi

Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycan parlamentində etiraza səbəb olub. Deputat Fərəc Quliyev Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.
Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilməsini təklif edib.
Əflatun Amaşov qeyd edib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur. Aytən Mustafayeva da Gürcüstan baş nazirinin bu fikrinə sərt etirazını ifadə edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib: “Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.
Qeyd edək ki, Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Rusiyaya yüklərin, ehtiyac olacağı təqdirdə, nəzarətdən kənar Sxinvali regionu vasitəsilə daşınması üçün İsveçrənin SGS şirkəti ilə müqavilə imzalayıb. Baş nazir Giorgi Kvirikavili bildirib ki, əgər Kazbegi-Yuxarı Lars gömrük-buraxılış məntəqəsində fövqəladə vəziyyət yaranarsa, yüklər qeyd olunan marşrutla daşına bilər. “Bu müqavilənin heç bir maddəsi Gürcüstanın maraqları əleyhinə yönəlməyib. Söhbət ondan gedir ki, Yuxarı Lars gömrük-buraxılış məntəqəsi istiqamətində fors-major situasiya zamanı, məsələn, güclü qar, yaxud sürüşmə baş verərsə, Sxinvali istiqamətində bu yol açıla bilər. Bu dəhlizdən həm Türkiyə, həm Ermənistan, həm də ölkəmizin tranzit potensialından yaralanan digər ölkələr istifadə edə bilər. Lakin bu, hələ ki birtərəfli imzalanmadır. Biz danışıqları davam etdiririk, çünki Rusiya tərəfindən irəli sürülən müəyyən şərlər var ki, bizim üçün qəbuledilməzdir”, - deyə G. Kvirikaşvili Gürcüstan parlamentdə çıxışında söyləyib.
Deputat əlillərin ödəniş problemini qaldırdı

Deputat Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb.O bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb.
“Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər”.
Deputat bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir.
“Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər. Bu, onlar üçün çox böyük dəstək olar.
Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin.
Çünki onlara üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Və ödənişli ali təhsil alan əlillər Milli Məclisdən yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər".
Naxçıvan Ali Məhkəməsinə ömürlük hakim təyinatı oldu
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə də baxılıb. Azərbaycan Prezidentinin təqdimatına əsasən, Milli Məclis qərara alıb ki, 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin. Bu təyinat ömürlük olub. Qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.
“Yenə də sahibkarları incidirlər”
Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilib. Belə ki, qanuna yeni 4-1 maddə (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) əlavə edilir. Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, Bəzi icra başçıları yerlərdəki sahibkarları incidir, onlara dəstək verilmir. “İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar. Amma daha sonra isə həmin materialların pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”. Deputat deyib ki, həmin müraciətlərlə bağlı icra başçılarına zəng edən zaman isə telefonlara cavab vermirlər. “Bu yaxınlarda bir iş adamı müraciət edib. O, “Zaminbank”dan kredit götürüb. Mən bunu ümumiləşdirilmiş nümunə kimi çəkirəm. Deputat həmkarlarım da bilsinlər ki, vəziyyət nə yerdədir. Həmin şəxs “Zaminbank” vasitəsilə Sahibkarlığa Yardım Fondundan kredit alıb. Sonradan isə Sahibkarlığa Yardım Fondunun təklifi ilə ödəmədiyi pulun hissəsini tam məbləğdə fonda ödəyib. Sahibkarlığa Yardım Fondu da arayış verib ki, bu adam pulu tam şəkildə ödəyib. İndi isə müvafiq qurumlar bu adama arayış vermirlər ki, gedib əmlakını girovdan çıxarsın. Həmin adam da məcbur olub məhkəməyə verib. Yenə də Əmanətlərin Sığortalanması Fondu məhkəmənin qərarını icra etmir. Bu bir nümunədir. Yüzlərlə belə faktlar mövcuddur. Vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları da icra olunmur. Bəzi şəxslərin vəzifələri böyüdülüb, amma vərdişləri dəyişməyib.Yenə də sahibkarları incidirlər. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Yoxsa yenə də sahibkarlar incidiləcək, vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları icra olunmayacaq”
“Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır”
“Biz əgər vizaları sürətləndirilmiş qaydada, ən geci 3 saat ərzində veririksə, bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı belə qısa zamanda necə yoxlayaraq biləcək ki, bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkəmizin xarici düşməni var və inkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil”.
Bunu deputat Elmira Axundova “Turizm haqqında” qanuna elektron vizaların 3 saat ərzində verilməsi ilə bağlı edilən əlavənin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda bir çox ölkədə terrorizm halları çoxalıb: “Şükür olsun ki, bizim güclü və çevik hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu kimi hadisələr ölkəmizdə baş vermir, belə bir ehtimal olarsa, onun qarşısı vaxtında və böyük ustalıqla alınır. Mən başa düşürəm ki, burada məqsəd turizmin inkişaf etdirilməsi, turistlər üçün rahatlığın təmin olunması və vaxt sərfiyyatının azaldılmasıdır. Amma 3 saatdan az vaxt ərzində biz bir insana viza veririksə, bu zaman ölkəyə hər kəs rahatlıqla daxil ola biləcək. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirəsiniz”.
Spiker Oqtay Əsədov deputat cavab olaraq bildirib ki, bu, nəzərə alınıb: “Bu ümumi bir kompüter sistemidir. Problem olmayacaq. Sadəcə, indiyə kimi 3 günə kimi uzadırdılar, amma indi azaldıldı ki, gələn turistlər üçün asan olsun”.
Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb.
İclasda ümumilikdə 19 məsələyə baxılıb və bir sıra sənədlər təsdiqlənib. İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır. Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.
Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib. Bununla da deputatlar tətilə çıxıblar. Tətil yanvarın 15-də başa çatacaq.
Rəşad VAQİFOĞLU






