İlkadım rayonunun Kale Məhəlləsindəki Atatürk Parkında baş verən hadisəyə görə əmioğlular saxlanılıblar.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki nəfər ciplə gəldikləri parkda Şərəf abidəsinə kəndir bağlayıb çəkərək onu dağıtmağa çalışıblar.
Ətrafdakıların kəskin reaksiyası ilə qarşılaşan şübhəlilər kəndiri hadisə yerində qoyaraq qaçıblar. Məlumat əsasında əraziyə polis qrupları cəlb edilib. Araşdırmaya başlayan qruplar, ilk növbədə şübhəlilərin qaçdığı avtomobilin nömrəsini təsbit ediblər. Avtomobilin nömrəsi vasitəsi ilə izə düşən polis, hadisəni törədənlərin B.F və C.F əmioğluları olduğunu müəyyənləşdirərək onları saxlayıb. Araşdırma zamanı əmioğluların 6 fərqli cinayətə görə çox sayda cəzalı olduqları müəyyən edilib.
İki şübhəli polis bölməsində izahatları alındıqdan sonra ədliyyəyə təhvil verilib. Şübhəlilər haqqında "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək" maddəsi ilə istintaq başladılıb.
Qadir, Bizimyol.info






