Sosial şəbəkələrdə bir video gözümə sataşdı. Türkiyənin “Tokio-2020”də qızıl medan alan qadın boksçusu Busenaz Sürmeneli kameraya səslənir: “Ölkəmizdə yanğın törədənlər, biz bir ölüb, min dirilərik!”.
Bu xanımın bu sözləri tək bir türk qadınının yox, idmançısının da yox, Türkiyə xalqının hayqırtısı idi. Türk qadını deyildimi övladlarını Vətənə fəda deyib Çanaqqalaya göndərən? Türk qadını deyildimi Qurtuluş savaşında əsgərlər üçün silah-sursatı çiynində daşıyan?
Türk qadını var olduqca, Türk milləti də var olacaq, yüksələcək...
Yox, bu yazımda feminizmdən bəhs etmək istəmirəm. Amma hərçənd, işgəncəyə, zorakılığa məruz qalan, haqsızlığın qurbanı olan Azərbaycan və Türkiyə xanımlarını da hörmətlə anıram.
Və tezliklə, qadınlarımıza kişi kimi sahib çıxdığımız, onları zorakılıqdan, rəzalətdən qoruduğumuz bir cəmiyyət arzu edirəm.
Son zamanlar sosial şəbəkələrdə başqa məqamlarla da üzləşirəm. Türkiyədəki yanğınlara sevinənlər ən çox ermənilərdir, onu başa düşmək olar. “Erməni xisləti” dediyimizdə ağla nə gəlirsə, bu sevincin də səbəbi odur.
Türkiyənin kədərinə, fəlakətinə sevinən liberalları anlamıram. Bəzi məzhəbbaz "inanclı" insanları anlamıram.
“Ərdoğan çökdü”, “Ərdoğanın beli büküldü” və s.
Ərdoğanı sevməyə bilərsən, Türkiyə dövlətinin hansısa siyasətini bəyənməyə də bilərsən. Lakin bu yanğınlar insanlıq üçün faciədir. Zarafat deyil, yanğınların əhatə etdiyi ərazilər Azərbaycan ərazisindən qat-qat böyükdür. Təsəvvür edin, Bakıdan Qazaxa qədər, Xudatdan Astaraya qədər... Yada təsəvvür etməyin! Bu dəhşəti heç düşmənimə də arzulamıram.
Bəli, arzulamıram. Çünki xislətimə yaddır elə şeylər.
Bu gün Türkiyəyə dəyən zərbələri, onun düşdüyü çətin durumu fürsət bilən nə qədər qüvvələr varmış.
Xarici qüvvələri qoyuram bir kənara, öz içimizdən olanların sevinci, ironiyası, “axırı belə olmalıydı”, “PKK yaxşı edir” deyənlərin təfəkkür səviyyəsi mənə həqiqətən də maraqlıdır.
Amma Türkiyə düşmədi. Türkiyə yenilmədi. Türkiyə yaralı aslandır, amma aslandır.
Erməni faşistlərinin Gəncəni raket atəşinə tutduğu zaman bir dayının sözləri dillərdə əzbər olmuşdu: “Biz qan görəndə qorxmuyoruz, naaborot qızışıyoruz”.
Bunun da öhdəsindən gələcəyik.
Rüfət Əhmədzadə






