Dünya beşdən böyükdür" deyən, parlaq siyasi karyerası, böyük cəsarət sahibi Prezidenti olan Türkiyəni durdurmaqdır məqsəd...
“Alov uşaqları” terror təşkilatı məsuliyyəti üzərinə götürdü. Şeytanın balası olan, iblisə tapınanların yaratdığı cəhənnəmi yaşayır inanclı Türkiyə.
Bizimyol.info-nun müsahibi, siyasi şərhçi Mirzə Rəşad Bakuvi ilə qardaş Türkiyədəki meşə yanğınları təxribatı barədə danışmışıq.
Mirzə Rəşad Bakuvi- PKK terror təşkilatına bağlı “Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb. Hədəf Ərdoğandır, yoxsa bütün Türkiyə?
-Son dörd-beş gündür ki, Türkiyəni başına alan meşə yanğınları, bunun böyük canlı aləm, insanlıq faciəsinə çevrilməsi bizim də ciyərimizə od vurmaqdadır, içimiz alov-alov olub. Qardaşımızın evi yanır və buna artıq sadə bir təbiət olayı kimi baxmaq özünü aldatmaqdan başqa bir şey deyil. Bu gün Türkiyə dövlətinin Prezidenti Rəcəp Tayyib Ərdoğan açıqladı ki, Türkiyə səlahiyyətliləri hazırda ölkənin cənubunda meşə yanğınlarının səbəblərini araşdırır, meşələrin yandırılma versiyası da istisna edilmir, polis və kəşfiyyat yanğınların izlərinə düşüb səbəblərini axtarırlar.
Hər kəsə aydındır ki, Muğla, İzmir, Antalya bir-birindən kifayət qədər uzaqda yerləşir. Fərqli hava, fərqli bitki örtüyü var. Bütün Aralıq dənizi sahili alovlanarkən qəfildən Samsunda bir yanğın meydana gəlir. Bura axı Qara dənizdir. Antalyadan haradasa 890 kilometr, Muğladan 1016 kilometr kənarda yerləşir.
Samsunda bu həftə temperatur 29-30 dərəcə ətrafında olub. İyun ayında, aramsız yağan yağış səbəbindən şəhər sel və sürüşmədən əziyyət çəkib. Deməli, bu bölgədə meşə yanğınları ehtimalı sıfıra bərabərdir. Təbii ki, bütün bu fərqlər yanğın olaylarının arxasında birilərinin olması şübhəsini artırır.
Sözümün canı budur ki, təcavüzkarlar iyun yağışlarından hələ də qurumamış meşəni yandırmaq üçün çox əziyyətlər çəkməli idi. Hansı ki, yalquzaq-piromanyakların meşələrə od vurmaq versiyasını istisna edir. Bəllidir ki, Türkiyəyə hibrid savaş elan olunub və Ərdoğan hökumətinə qarşı yanğınların dəqiq hesablandığı planlı bir kampaniya var. Məqsəd isə aydındır. Son on beş ildə artımla müşayiət olunan, yalnız son illərdə bəlli qlobal pandemiya və onun gətirdiyi məhdudiyyətlərdən dolayı minimal indekslərlə geriləyən Türkiyə iqtisadiyyatına maksimum ziyan vurmaqdır əsl hədəf. Çünki son illər qardaş Türkiyənin müstəqil geosiyasət yürütməsinin, regional gücə çevrilməsinin tək bir qaynağı var, o da daim artan iqtisadiyyatıdır. Bura hərbi sənayenin sıçrayışını, hər gün dünyanı təəccübləndirən yeniliklərini də əlavə etsək, mənzərə tam aydın olar. Yanğınların təşkil olunmasının yeganə məqsədi, maksimum planda, bacardıqca ölkəyə böyük gəlirlər gətirən turizm mövsümünü darmadağın etmək, minimum planda isə, daxildə Türkiyəni idarə edən siyasi qüvvəni bacarıqsız olmaqda ittiham etməyə fürsət qazandırıb onları gözdən salmaqdır...
Ən son məlumatlara görə, meşələrə od vurduğu ehtimal olunan 6 nəfər saxlanılıb. Ancaq bunlar ifaçılar, piyadalar, ocaq qurdalayan qara maşalardır. Onları bu çirkin, insanlıq, təbiət adına vəhşi kampaniyalara həvəsləndirən, təhrik edən daha ciddi qüvvələrin olduğu dəqiqdir. Əlbəttə, o şübhələr də var ki, bu quldurlar öz sifarişçi ağalarını çətin ki, ələ verələr, dövlətə təslim edələr. Ancaq hər bir halda "əlində benzin qutusu olan adam - yanğın şousunun təşkilatçısı - sifarişçi" söz zəncirini saf-çürük etmək də çox maraqlı olardı.
Təbii, bütün bu baş verənlərin fonunda bir məkrli xətti də görməmək sadəlövhlük olar: bu gün dünyada bir çox siyasi güc mərkəzləri cənab Ərdoğanı durdurmaq istəyir!
- Planın arxasında PKK tək dayanırmı? Məlum məsələdir ki, PKK-dan bir çox dövlətlər lazım gələndə alət kimi istifadə edə bilirlər.
- Buradan yola çıxsaq, məlum zəncirin arxasında hər kəs ola bilər: Kürdüstan Fəhlə Partiyası (PKK-HDP-YPG), Gülənçilər (FETÖ), Kollektiv Qərb və agentləri Türkiyədəki suriyalı qaçqınlar arasında aktivləşən Suriya prezidenti Bəşər Əsəd və hətta Türkiyəni maksimum dərəcədə sarsıtmaq üçün kifayət qədər əsasları olduğunu iddia edən yunanlar... Xüsusilə, Ərdoğanın Şimali Kiprə yüksək səviyyəli səfərindən və Ankaranın ikinci türk respublikasının beynəlxalq aləmdə tanınması üçün fəal səylərin davam etdirilməsi ilə bağlı müəyyən mövqeyindən sonra yunanların qardaş ölkəni qarışdırmaq istəməsi təbii şübhə sayıla bilər. Pis gündə dost-düşmən bilinər deyiblər. Türkiyənin bu acılı günlərində hansı dövlətlərin ona yardım etdiyini görmək kifayət edir ki, dostu da, düşməni də ayırd edə bilək. Türkiyə NATO üzvüdür, sözügedən alyansın ən böyük ordusuna sahib ikinici ölkəsidir, ancaq bu birlikdəki ölkələrdən hələ də düz-əməlli yardım çağırışları, tədbirləri eşitmədik, görmədik. Əvəzində Azərbaycan, Ukrayna, Rusiya, İran və bir neçə başqa türk dövlətlərinin fövqəladə hallara bağlı birlikləri, amfibiya təyyarələri, helikopterləri bütün təchizatı ilə Türkiyədəki yanğınları söndürmək üçün ölüm-qalım mübarizəsi verirlər.
Uzun sözün qısası, regionda və dünyada nüfuzu artmaqda olan, artıq çoxdan onunla da hesablaşmalı olduqları yeni regional gücə çevrilən Türkiyəmiz qlobal təhdidlərlə qarşı-qarşıyadır. Bir həqiqət də budur ki, hərbi-siyasi cəhətdən güclü, özünü tam təmin edən, geosiyasi planda regional bir hegemona çevrilməyin ödənəcək hesab-fakturası da böyük olur və bu reallıqla barışmaq məcburiyyətindəsən - bugünkü kimi. Elə bu səbəbdəndir ki, beynəlxaq güc mərkəzlərinin qarşısında dayanan ana məqsəd budur: parlaq siyasi karyerası və çox cəsarətli, cəsur, qarşısına böyük hədəflər qoyan, "Dünya beşdən böyükdür" siyasi devizi ilə hərəkət edən Prezidenti olan qardaş Türkiyə nəyin bahasına olursa-olsun dayandırılmalıdır. Bax, dünyanın güc mərkəzlərinin bu çirkin niyyətə nail olmaması üçün bütün türk dünyasının ayaqda olmasına, birlik olmasına hər şeydən çox indi ehtiyac var!
İlhamə Rəsulova






