Belarusda prezident seçkilərinin nəticələrinə etiraz davam edir.
Hər gün müxtəlif şəhərlərdə küçələrə minlərlə insan çıxır. Etirazçılar 26 ildir ölkəyə başçılıq edən Aleksandr Lukaşenkonun növbəti dəfə səsvermədə saxtakarlığa yol verdiyini düşünür.
Bizimyol.info xəbər verir ki, Belarusda seçkidə yekun protokolu imzalamaqdan boyun qaçıran Konstantin Şişmakov ölü tapılıb.
Konstantin ŞişmakovOnun meyiti Neman çayında aşkar edilib.
Volkovısk hərbi-tarixi muzeyinin direktoru avqustun 15-də yoxa çıxmışdı. O, həmin gün təxminən saat 17.00-da həyat yoldaşına zəng vuraraq, daha burada işləyə bilmədiyini, evə gəlməyə hazırlaşdığını söyləyib. Zəngdən sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
Konstantinin atasının söylədiyinə görə, oğlu avqustun 9-dan təzyiqlə üzləşirmiş. Şişmakov saxtalaşdırılmış protokolu imzalamaq istəməyib. Onun yerinə başqaları qol çəkib.
Hüquq-mühafizə orqanları hadisəni sui-qəsd faktı kimi rəsmiləşdirmək istəyir.






