Təyyarə ilə istədiyiniz ünvana getmək təkcə qəza ehtimalı baxımından təhlükəli deyilmiş. Sizi səmada əqrəb də sanca bilər.
Bizimyol.info xəbər verir ki, Kanadada sərnişinin başına belə gözlənilməz hadisə gəlib. Toronto-Kalyari reysi ilə uçan Kuin Maltisi təyyarədə əqrəb sancıb. Tələbə qız deyir ki, əvvəlcə kürəyində ağrı hiss edib. Sonra orada nəyinsə hərəkət etdiyi qənaətinə gəlib. Ayağa qalxanda 10 sm uzunluğunda əqrəb görüb. Əqrəb təxminən yarım saatdır sərnişinin kürəyində gəzirmiş.
Kuini hamıdan əvvəl stüardessa sakitləşdirməyə çalışıb. Təyyarə heyətinin üzvü böyük ehtimalla oturacağın bir hissəsinin sərnişinin kürəyini cızdığını deyib. Amma eniş zamanı Kalyari hava limanında həkimlər Maltisi müayinə edəndə onun doğrunu söyləməsinə əmin olublar.
Uçuşu həyata keçirən “Air Transat” şirkətinin əməkdaşları sərnişinlər təyyarəni tərk edəndən sonra əqrəbi tutublar. Şirkət təyyarəyə, adətən, ciddi baxış keçirildiyini və hadisədən təəssüfləndiyini bildirib.






