Bizimyol.info xəbər verir ki, tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda ittiham edən şəxslərin cinayət işi hakim Azad Məcidovun sədrlik ediyi kollegiya tərəfindən araşdırılır.
Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edərək, müvəkkilinə yüngül cəza verilməsini istəyib.
Daha sonra N.Fərəcovanın vəkili Gülşən Salmanova müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib. Hakim deyib ki, zərərin bir qismi ödənilməyib.
Təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib.
Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün ona vaxt verib.
Qeyd edək ki, zərərçəkən Fəridə Əzizova ötən prosesdə dəymiş ziyanın 53 min manatının ödənildiyini, yerdə qalan 14500 manatı tələb etdiyini söyləyib.
Proses sentyabrın 26-dək təxirə salınıb.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb edib.
Hadisə ötən ilin sentyabrında baş verib. Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycama deportasiya edilib.
Rəşad VAQİFOĞLU






