Təcili pula ehtiyacı olanlara qısamüddətli borc veriləcək. Azərbaycanda az məbləğdə pula təcili ehtiyacı olan şəxslər üçün yeni kredit imkanları yaradılacaq.
Prezident İlham Əliyevin təsdiqlədiyi “2027-2030 -cu illər üçün Maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramı” na əsasən, 2027-2029 -cu illərdə qısamüddətli təcili kreditləşmə alətlərinin təşviqi nəzərdə tutulur. Plan çərçivəsində mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyə yenidən baxılacaq və zəruri dəyişikliklər hazırlanacaq. Nəticədə kredit təşkilatlarının təcili maliyyə ehtiyacları üçün məsuliyyətli kredit mexanizmləri tətbiq etməsi planlaşdırılır.
- Qısamüddətli təcili kreditlərin verilməsi vətəndaşlara və iqtisadiyyata necə təsir edəcək?
- Gecikməsi olanlar və qara siyahıdakılara şamil olunurmu?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Akif Nəsirli bildirib ki, iqtisadi baxımdan bu cür alətlər kiçik bizneslərə dolayı təsir göstərə bilər: “Qısamüddətli təcili kredit mexanizmlərinin genişləndirilməsi ümumilikdə maliyyə inklüzivliyini artıran addım kimi qiymətləndirilir. Bu, xüsusilə bank xidmətlərinə çıxışı məhdud olan və ya gözlənilməz xərclərlə qarşılaşan insanlar üçün daha çevik maliyyə dəstəyi yarada bilər. Belə kreditlər vətəndaşlara tibbi xərclər, təcili məişət ehtiyacları və ya müvəqqəti gəlir boşluqlarını bağlamaq üçün sürətli resurs əldə etməyə imkan verir.
İqtisadi baxımdan bu cür alətlər daxili istehlakı dəstəkləyə və kiçik bizneslərə dolayı təsir göstərə bilər, çünki əhalinin likvidliyi artır. Eyni zamanda kredit bazarının rəsmiləşməsi güclənir və qeyri-rəsmi borc münasibətlərinin azalmasına şərait yarana bilər. Lakin bununla yanaşı risklər də mövcuddur, xüsusilə kreditlərin düzgün qiymətləndirilməməsi və borclanmanın artması müəyyən sosial maliyyə yükü yarada bilər”.
Akif Nəsirli həmçinin vurğulayıb : “Gecikməsi olan və ya “qara siyahı”da olan şəxslərə şamil olunması isə ümumilikdə kredit siyasətindən və risk qiymətləndirmə qaydalarından asılıdır. Adətən belə hallarda banklar və maliyyə təşkilatları daha sərt şərtlər tətbiq edir və ya ümumiyyətlə kredit vermirlər. Lakin yeni inklüziv yanaşmalarda bəzi hallarda zəmanətli, kiçik məbləğli və ya alternativ qiymətləndirmə modelləri ilə bu kateqoriyaya daxil olan şəxslərin də məhdud şəkildə sistemə daxil edilməsi mümkündür. Buna baxmayaraq, problemli kredit tarixçəsi olan şəxslərin avtomatik şəkildə bu imkanlardan yararlanacağı gözlənilmir və əsas prinsip məsuliyyətli kreditləşmə olaraq qalır”.
Günel Həsənova, Bizimyol.info






