Parlament seçkilərinin ilkin nəticələrindən sonra Nikol Paşinyan Ermənistanın sülhə, regional əməkdaşlığa və qonşularla münasibətlərin normallaşdırılmasına sadiq qaldığını bəyan edib.
Paşinyan Türkiyə və Azərbaycanla bağlı mövqelərinin dəyişmədiyini, regionda rifah və əməkdaşlığın vacib olduğunu vurğulayıb. O, Azərbaycanla sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını və növbəti mərhələnin sənədin imzalanması olduğunu bildirib. Baş nazir həmçinin Türkiyə ilə normallaşma prosesində, sərhədlərin açılmasında və nəqliyyat əlaqələrinin genişlənməsində yeni irəliləyişlər gözlədiyini qeyd edib.
Milli Məclisin sabiq deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası böyük üstünlük qazanıb. İlkin hesablamalara əsasən, partiya 101 mandatdan 64-nə sahib olaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib.
Kamilə Əliyeva bildirib ki, nəticələr elan olunduqdan sonra Nikol Paşinyan regionda sülhün və sabitliyin qorunması istiqamətində apardığı siyasətə sadiq qalacağını bəyan edib. Regionda sülhün davamlılığı isə əsasən Paşinyan və onun komandasının atacağı addımlardan asılıdır.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında və beynəlxalq platformalarda bəyan edib ki, Azərbaycan–Ermənistan arasında dayanıqlı sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalar ləğv olunmalıdır.
Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçirilib, həmin çərçivədə iki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Yekun sülh sazişinin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacib hesab olunur”-deyən politoloq bildirib ki, bundan sonra Azrbaycan və Ermənistan arasınd arasında yekun sülh sazişi imzalanacaq.
Politoloq hesab edir ki, Ermənistan höküməti mövcud reallığı qəbul edəcək, üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.
Kamilə Əliyevnın fikrincə, bu kontekstdə əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır: “ Bu dəhliz hökmən açılacaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqəsi yaranacaq.
Artıq bu istiqamətdə Ermənistan höküməti müsbət addımlar atmaqdadır.
“Eyni zamanda Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində maraqlı olduğunu bəyan edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə vurğulayıb ki, Ankara–İrəvan münasibətlərinin normallaşması Ermənistanın Azərbaycan istiqamətində atacağı addımlardan asılıdır.
Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atacağı addımlar regionda sülhün və sabitliyin möhkəmlənməsinə, eləcə də iqtisadi inkişafın sürətlənməsinə xidmət edə bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






