Kanada hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qanunla qadağan etməyə hazırlaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Globe and Mail" məlumat yayıb.
Qəzetin mənbələrinə görə, müvafiq qanun layihəsi çox yaxın gələcəkdə milli parlamentin müzakirəsinə təqdim oluna bilər. Sənəd hazırlanarkən Avstraliyanın təcrübəsindən istifadə olunub. Bu tədbirlər valideynlərin uşaqlarının sosial şəbəkələrdə çox vaxt keçirməsi ilə bağlı çoxsaylı şikayətlərinə də cavab olaraq nəzərdə tutulur.
Əvvəlcədən bildirilib ki, oxşar qadağa yaxın vaxtlarda İspaniya və Maldiv hökumətləri tərəfindən də tətbiq ediləcək.
Avstraliyada 10 dekabr 2025-ci il tarixində qəbul edilən qanun 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edib. Qadağa "Facebook", "Instagram", "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube"u əhatə edir. Yeni qanuna əsasən, pozuntulara görə məsuliyyət texnologiya platformalarının üzərinə düşür və onlar hesabları deaktiv etməmək halında 49,5 milyon avstraliya dolları (təxminən 35 milyon ABŞ dolları) həcmində cərimə ilə üzləşə bilər.
Qanunun qüvvəyə minməsindən sonra 4,7 milyon uşaq və yeniyetməyə aid hesab deaktiv edilib və ya silinib.
Bizimyol.info






