Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın “2 həftəyə qələbə” açıqlaması: bu, realdırmı?
Trampın “2 həftəyə qələbə” açıqlaması: bu, realdırmı?

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında növbəti iki həftə ərzində razılaşma əldə oluna biləcəyini bildirib. O, İranın nüvə silahlarından imtina etməyə hazır olduğunu və ABŞ-a böyük güzəştlərə getdiyini iddia edib. Trampın sözlərinə görə, hazırkı danışıqlar “çox yaxşı razılaşma” ilə nəticələnə bilər və bu, neft qiymətlərinin dərhal enməsinə səbəb ola bilər.

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və İsraillə İran arasında fevralın 28-də başlanan genişmiqyaslı müharibəni dayandırmaq üçün aprel ayında əldə olunan “atəşkəs” natamam olsa da, davam edirdi. Son 2 gündür İran və İsrail arasında baş tutan qarşılıqlı hücumlar bu natamam atəşkəsin ciddi şəkildə pozulmasıdır. Düzdür ki, 24 saatadək davam edən qarşılıqlı hücumlar ABŞ vasitəçiliyi ilə yenidən kəsildi, lakin hər an vəziyyət təkrarlana və gərginlik daha geniş regionu əhatə edə bilər.

O qeyd edib ki, bu dəfəki gərginlikdə İran sadəcə ABŞ-nin Körfəz bölgəsindəki müttəfiqləri, ərazisindən hücum həyata keçirilən Bəhreyn və Küveyti, o cümlədən İsraili vurmaqla qalmayıb, həm də Yəməndəki Husiləri aktivləşdirib. Bu isə müharibə yenidən tammiqyaslı hal alarsa, Hörmüzdəki vəziyyətə bənzər bir durumun Bab-əl-Məndəb boğazında da yarana biləcəyini açıq şəkildə göstərir.

Politoloq vurğulayıb ki, İran İsrailin Livandakı işğal siyasətinə sərt reaksiya vermək qabiliyyətini göstərib. Həmçinin, bütün təhdidlərə baxmayaraq İran nəinki nüvə proqramından imtina etmir, əksinə sahil ərazisində 5 yeni nüvə təsisi inşa ediləcəyi rəsmi şəkildə bəyan edilir. Bu isə İranın yeni müqavimət gücünün və ya çəkindirmə imkanlarının artması ilə izah olunur.

Onun sözlərinə görə, İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsi üzvünün açıqladığı kimi “İranın İsraillilərin həyatını iflic edə bilən silahlara sahib olması” ölkənin artıq qeyri-rəsmi nüvə dövlətinə çevrildiyinə işarə ola bilər, lakin bu hələ rəsmi şəkildə təsdiqlənməyib. Belə olan halda tərəflər arasında genişmiqyaslı müharibənin aktivləşməsi yox, daha çox regionda və üçüncü ölkələrin ərazisində qarşılıqlı toqquşmaların baş verməsi ehtimalı artır. Bu vəziyyət isə daha çox Soyuq Müharibə dövrünün reallıqları ilə müqayisə oluna bilər, yəni tərəflər bir-birinə zərbə vurmağa çalışsalar da, dövlətlərin mövcudluğunu təhlükəyə atan həddə keçmirlər.

Politoloqun fikrincə, Trampın ən son, “İranda 2 həftəyə tam qələbə qazanacağıq” açıqlaması bu fonada qeyri-real səslənir və atəşkəsin bərpasından sonra belə bir bəyanat sülhlə bağlı yaxın zamanlar üçün gözləntiləri azaldır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »