Ukrayna prezidenti Volodimir Zelenski Ermənistan seçkilərindən sonra Rusiyanın Cənubi Qafqaz və Şərqi Avropada geosiyasi təsirinin zəiflədiyini bildirib. O, Moskvanın həm cəbhədə, həm də diplomatik arenada əvvəlki mövqelərini itirdiyini deyib.
Ukrayna prezidenti hesab edir ki, Rusiyanın beynəlxalq təcridi daxili siyasi və ictimai dəyişikliklərə də yol aça bilər.
- Rusiya həqiqətən Cənubi Qafqazda təsirini tam itirir, yoxsa bu proses hələ davam edəcək?
Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenskinin Rusiyanın həm Şərqi Avropada, həm də Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi ilə bağlı fikirləri əslində son illərdə müşahidə olunan geosiyasi dəyişikliklərlə müəyyən qədər üst-üstə düşür. Rusiyanın həqiqətən də artıq əvvəlki təsir imkanları yoxdur. Lakin buna baxmayaraq Rusiyanın regionda təsirini tam itirdiyini söyləmək də hələ tezdir. Başqa sözlə Moskvanın əvvəlki dominant mövqeyi zəifləsə də, təsir imkanları tam itirilməyib.
“2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Rusiyanın siyasi, hərbi və iqtisadi resurslarının əhəmiyyətli hissəsi bu istiqamətə yönəldi. Bunun nəticəsində Moskvanın postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda əvvəlki qədər fəal və çevik siyasət aparmaq imkanları məhdudlaşdı. Bu vəziyyət region ölkələrinə daha müstəqil xarici siyasət yürütmək üçün əlavə imkanlar yaratdı”-deyən politoloq vurğulayıb ki, ən diqqətçəkən dəyişiklik Ermənistanın xarici siyasət kursunda müşahidə olunur. Uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri hesab edilən İrəvan son dövrlərdə Avropa strukturları və ABŞ ilə əməkdaşlığı genişləndirməyə çalışır.
Ermənistan rəhbərliyi açıq şəkildə Rusiyanın təhlükəsizlik mexanizmlərinin effektivliyi ilə bağlı suallar qaldırır. Bu, Moskvanın regiondakı ənənəvi təsir sistemində ciddi çatların yarandığını göstərir.
Politoloqun fikrincə, Azərbaycan da son illərdə daha müstəqil və balanslaşdırılmış siyasət yürüdür. Bakı həm Rusiya, həm Avropa İttifaqı, həm ABŞ və başqa qlobal aktorlarla münasibətləri paralel şəkildə inkişaf etdirir. Qarabağ probleminin həllindən sonra Rusiyanın vasitəçiliyi də ortadan qalxıb və onun təsir imkanlarını əhəmiyyətli dərəcədə azalıb. Bu isə Moskvanın regiondakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.
Bununla belə, Rusiyanın Cənubi Qafqazda təsirini tam itirdiyini demək reallığı əks etdirməz. Moskva hələ də Ermənistanın təhlükəsizlik arxitekturasında mühüm oyunçulardan biridir.
Ermənistan iqtisadiyyatında, enerji sektorunda və əmək miqrasiyası sahəsində Rusiyanın mövqeləri qalmaqdadır.
Eyni zamanda Rusiyanın Şimali Qafqaz vasitəsilə regiona coğrafi yaxınlığı da onun təsir imkanlarını tamamilə aradan qaldırmır.
Yusif Bağırzadənin fikrincə, əslində, hazırda müşahidə olunan proses Rusiyanın regiondan çıxması deyil, çoxqütblü geosiyasi mühitin formalaşmasıdır. Əvvəllər Moskvanın dominant təsir göstərdiyi Cənubi Qafqazda indi Türkiyə, Avropa İttifaqı, ABŞ və başqa aktorların da rolu artmaqdadır. Bu isə region ölkələrinə alternativ tərəfdaşlar seçmək və daha çevik diplomatik manevr imkanları qazandırır.
Gələcək perspektivdə Rusiyanın təsirinin hansı səviyyədə qalacağı isə əsasən iki amildən asılı olacaq. Birincisi, Ukrayna müharibəsinin nəticələri və Moskvanın resurslarının hansı həddə qədər bərpa olunacağıdır. İkincisi isə region ölkələrinin xarici siyasət prioritetləridir. Əgər Ermənistan Qərblə inteqrasiyanı daha da dərinləşdirərsə, Rusiyanın təsiri nisbi olaraq azalacaq. Lakin coğrafi yaxınlıq, iqtisadi əlaqələr və təhlükəsizlik faktorları nəzərə alındıqda, Moskvanın Cənubi Qafqazdan tamamilə kənarlaşması yaxın perspektivdə real görünmür”-deyə Yusif Bağırzadə bildirib.
O deyib ki, Zelenskinin vurğuladığı zəifləmə tendensiyası həqiqətən var, lakin bu, Rusiyanın regionda təsirini tam itirməsi deyil. Daha çox, uzun illər davam edən hegemon mövqedən daha məhdud və rəqabətli geosiyasi mövqeyə keçid prosesi kimi qiymətləndirilə bilər.
İradə Cəlil, Bizimyol.info






