“Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik sisteminin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Son illərdə dövlət qurumlarının, özəl sektorun və vətəndaşların rəqəmsal texnologiyalardan istifadəsinin sürətlə artması kibertəhlükəsizlik məsələlərini milli təhlükəsizlik səviyyəsinə yüksəldib. Elektron dövlət xidmətlərinin genişlənməsi, kritik informasiya infrastrukturunun rəqəmsallaşması, bulud texnologiyalarının tətbiqi və onlayn xidmətlərin çoxalması kiberhücum risklərini də artırır. Belə bir şəraitdə vahid koordinasiya və operativ fəaliyyət imkanlarına malik ixtisaslaşmış qurumun yaradılması strateji əhəmiyyət daşıyır”.
Bu barədə Bizimyol.info xəbər portalına İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev danışıb. Ekspert qeyd edib ki, Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyətə başlamasından sonra ölkənin kiberhücumlara qarşı müdafiə gücündə bir sıra ölçülə bilən dəyişikliklərin müşahidə olunacağı gözlənilir: “İlk növbədə baş verən kibertəhlükəsizlik insidentlərinin daha sürətli aşkarlanması və onlara operativ reaksiya verilməsi mümkün olacaq. Mərkəzləşdirilmiş monitorinq və koordinasiya imkanları sayəsində təhlükələrin erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması istiqamətində daha effektiv mexanizmlər formalaşacaq. Bu isə həm dövlət informasiya sistemlərinin, həm də kritik informasiya infrastrukturunun dayanıqlığını artıracaq.
Agentliyin fəaliyyətinin effektivliyi müxtəlif göstəricilər əsasında qiymətləndirilə bilər. Bunlara kiberinsidentlərə cavab vermə müddətinin azalması, qarşısı alınan hücumların sayının artması, kibertəhlükəsizlik standartlarının tətbiq səviyyəsinin genişlənməsi və beynəlxalq kibertəhlükəsizlik reytinqlərində Azərbaycanın mövqeyinin yaxşılaşması daxildir. Bundan əlavə keçirilən təhlükəsizlik auditlərinin nəticələri, risk qiymətləndirmələrinin göstəriciləri və istifadəçilərin məlumatlılıq səviyyəsi də effektivliyin ölçülməsi üçün mühüm indikatorlar hesab edilə bilər”.
Bəhruz Əliyev hesab edir ki, müasir dövrdə kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, həm də iqtisadi və sosial sabitliklə birbaşa əlaqəli amildir: “Uğurlu kiberhücumlar dövlət xidmətlərinin fəaliyyətini poza, iqtisadi itkilərə səbəb ola, kritik infrastrukturların işini dayandıra və vətəndaşların məlumatlarının təhlükəsizliyini risk altına qoya bilər. Bu baxımdan Agentliyin fəaliyyəti ölkənin rəqəmsal dayanıqlığının artırılmasına, biznes mühitində etimadın gücləndirilməsinə və investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərə bilər”.
Ekspert qeyd edib ki, dünyanın bir çox ölkələrində kibertəhlükəsizlik qurumları geniş səlahiyyətlərə malik olsa da, həmin səlahiyyətlərin tətbiqi qanunvericiliklə dəqiq tənzimlənir.
“Kibertəhlükəsizliklə təhlükəsizlik və məxfilik arasında balansın qorunması da xüsusi diqqət və məsuliyyət tələb edən məsələlərdəndir. Beynəlxalq təcrübə göstərilir ki, təhlükəsizlik və məxfilik arasında balans hesabatlılıq mexanizmləri ilə qoruna bilir. Şəxsi məlumatların qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də ciddi əhəmiyyət daşıyır. Bu sahədə olan geniş təcrübə işlərin daha effektiv həyata keçiriləcəyinə zəmin yaradacaqdır”-deyən Bəhruz Əliyev vurğulayıb ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal təhlükəsizlik strategiyasının gücləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər.
“Qurumun fəaliyyətinin effektiv təşkili, şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması, şəxsi məlumatların müdafiəsi ilə təhlükəsizlik tələbləri arasında balansın təmin edilməsi və digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət ölkənin kibertəhlükəsizlik sahəsində dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq”-deyə Bəhruz Əliyev bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan kiberhücumlara qarşı daha hazırlıqlı, rəqəmsal risklərə qarşı daha dayanıqlı və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli rəqəmsal ekosistem formalaşdırmaq imkanına malik olacaq.
Xatırladaq ki, Milli Kibertəhlükəsizlik Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında publik hüquqi şəxs kimi yaradılıb. Yeni qurum ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiya funksiyalarını həyata keçirəcək. Agentliyin əsas vəzifələrinə kritik informasiya infrastrukturlarının qorunması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması daxildir.
Eyni zamanda, dövlət və ictimai qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və metodiki dəstəyi də Agentliyin fəaliyyət istiqamətlərinə daxildir. Qurum əvvəlki Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi olaraq onun bütün səlahiyyət və öhdəliklərini öz üzərinə götürüb.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi






