Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını gözlədiklərini bildirib.
O, yekun sülhə nail olmaq üçün Azərbaycanın haqlı narahatlıqlarının mütləq həll edilməli olduğunu vurğulayıb. Fidan Türkiyənin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini deyib. O həmçinin Ankaranın Ermənistanla dialoqu Azərbaycanla sıx koordinasiya şəraitində apardığını qeyd edib.
- Regionda sülh prosesinin sürətlənməsinə ən çox hansı amil təsir edə bilər?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb və bu konfiqurasiyada sülhün alternativi yoxdur.
Politoloqun fikrincə, Ermənistan daxilində keçirilən son seçkilər Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra ən həssas seçki proseslərdən biri kimi qiymətləndirilə bilər.
Çünki bu seçkilər fonunda regionda geosiyasi maraqların kəskin toqquşduğu açıq şəkildə müşahidə olunurdu.
“Seçkinin nəticələrinin regiondakı ümumi proseslərə və mövcud geosiyasi və geoiqtisadi trendlərə uyğunlaşması zərurəti aydın hiss olunurdu.
Seçkinin nəticəsi elə olmalıdır ki, son altı ildə formalaşan, xüsusilə 2023-cü ildən sonra daha da möhkəmlənən proseslər, siyasi, iqtisadi layihələr və kommunikasiya proseslərinin məntiqi davamı olaraq, region arzu olunan, qarşıya qoyulan məntiqi nəticələrə çatsın.
Eyni zamanda sabitlik və inteqrasiya xəttinin qorunması əsas məqsəd kimi önə çıxırdı.
Bu baxımdan, regionda qlobal güclər, iqtisadi maraqları olan üçüncü tərəflər və ümumilikdə hamı özünün maraqlarını bu proseslərin bir hissəsi kimi görməlidir və konfiqurasiyada sülhün alternativi yoxdur”, – deyən politoloq bildirib ki, geosiyasi gərginliklərdə maraqkı görünən tərəflər var, və buna baxmayaraq, real mənzərə regionda əməkdaşlıq və sabitliyin qaçılmaz edir.
Yeganə Hacıyeva bildirib ki, hazırda Türkiyə Xarici İşlər Nazirinin açıqlamaları regionda başladılan sülh prosesinə açıq dəstək kimi qiymətləndirilə bilər. Ermənistan–Türkiyə təmasları, xüsusi nümayəndələrin görüşləri və diplomatik danışıqlar fonunda bəzi dairələr tərəfindən bu proseslərin Azərbaycan və Türkiyənin fərqli mövqelərdən çıxış etməsi kimi təqdim olunmasına cəhdlər edilir.
Sanki bu proseslər hər ölkənin öz maraqları çərçivəsində aparılır. Yəni Azərbaycan bu prosesin hərəkətverici və başlayan tərəfi olaraq öz maraqlarını daha çox qabardır, Türkiyənin maraqlarını ikinci dərəcəli hesab edir və ya Türkiyə də eyni şəkildə bu proseslərdə təkanverici tərəf kimi daha çox öz maraqlarını qabartmağa çalışır.
Yəni Azərbaycan və Türkiyə arasında məhz bu mövzunun ətrafında “stəkanda fırtına” yaratmaq istəyən qüvvələr var.
Politoloq qeyd edir ki, bu qüvvələrin əsas hədəfi Azərbaycan və Türkiyə münasibətlərini korlamaqla paralel, regionun təhlükəsizliyi ilə bağlı yeni ssenariləri irəli sürmək səyləridir.
Onlar regionda gedən proseslərdən kənar, alternativ proseslər və alternativ kommunikasiya xətləri arzulayırlar.
Bu səbəbdən də bunu zaman-zaman belə göstərməyə çalışırlar. Amma istər Azərbaycanın xarici işlər nazirinin İstanbulda görüşü, istər Türkiyə xarici işlər nazirinin bu görüş ərəfəsində, görüş zamanı və sonrakı açıqlamaları iki qardaş dövlətin ortaq maraqlara sədaqətini nümayiş etdirir və bu yanaşma belə qəbul edilməlidir.
“Regionda sülh prosesinin sürətlənməsinə ən çox hansı amil təsir edə bilər?” sualına cavab olaraq politoloq bildirib ki, Ermənistan daxilində hakimiyyətdə çoxluğu əldə etməyən revanşist qruplar və onların təmsil olunduqları geosiyasi qruplar regionla bağlı alternativ kommunikasiya xətlərində maraqlı kimi görünürlər və istənilən hadisəni bir imkan kimi istifadə etməyə çalışırlar.
“Ermənistanın seçkidən sonra qurulacaq hökumət bizim maraqlara cavab verir , lakin parlamentdə formalaşan güclər balansə sülh sazişinin imzalanması üçün prosesləri ləngidə bilən hal almışdır.
Ərazi iddialarının hələ də mövcud olan konstitutsiyanın dəyişməsi üçün referendum keçirilməsini dəatəkləyə biləcək çoxliq əldə olunmayıb.
Sülh sazişinin imzalanması üçün, Azərbaycanın mövqeyi və maraqları tam miqyasda təmin olunması üçün bu həlledici faktordur.
Nikol Paşinyan siyasi qrupu parlamentdə çoxluğu əldə etsə də, sülh sazişi üçün hüquqi maneələrin aradan qaldırılması vacibdir.
Azərbaycan tərəfinin Ermənistanın referendum məsələsindəki mövqeyini həyata leçirilməsi üçün Paşınyanın mövcud parlament konfiqurasiyası ilə tam yetərli deyil.
Baxmayaraq ki, çoxluq Nikol Paşinyandadır, referendum keçirilməsi üçün onun təkbaşına təşəbbüsləri hüquqi baxımdan tam dəstəklənmir.
Çünki konstitusiya dəyişiklikləri üçün tələb olunan çoxluq Paşınyan qrupunda deyil. ”-deyən Yeganə Hacıyeva bildirib ki, bu səbəbdən də bu məsələ üzərindən istər Azərbaycan, istər Türkiyə Ermənistanla danışıqları davam etdirməlidir və etdirəcəkdir, bu məsələdə nəticə vacibdir.
Politoloqun fikrincə, iqtisadi maraqların dəstəklənməsi prosesə təkan verə bilər.
Amma əsas məsələ ondan ibarətdir ki, sülh sazişinin istənilən vaxt sabotaj olunmasının qarşısı hüquqi alınmalədır ki, daha sonra və sülh sazişi Sürix protokollarının aqibətini təkrarlanmasın. Bu baxımdan mövqe birmənalıdır : Ermənistan Konstitusiyasında sülhə hüquqi maneələr aradan qaldırılmalıdır.
İradə Cəlil, Bizimyol.info






