Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korrupsiyaya qarşı yeni mexanizmlər
Korrupsiyaya qarşı yeni mexanizmlər

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında ümumilikdə 8 məsələ müzakirəyə çıxarılıb. Müzakirə olunan məsələlər müxtəlif sahələri əhatə edən qanun layihələrinə edilən dəyişikliklərdən ibarətdir. Qanun layihələri həm birinci, ikinci, həm də üçüncü oxunuşda baxılmaq üçün gündəliyə daxil edilib.

Bizimyol.info xəbər verir ki, bu gündəlikdə yer alan məsələlərdən biri də korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunlarda dəyişiklikdir.

  • Qanunda əsas yenilik nədir?
  • Bu yeniliyin vətəndaşlara təsiri olacaqmı?

Bu barədə Bizimyol.info xəbər portlına danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin müdafiə mexanizmi gücləndirilir: ““Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə və 7 mart 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi bununla bağlıdır.

Milli Məclisin gündəliyinə təqdim olunan bu layihə ilə tanışlıqdan sonra məlum olur ki, burada əsas məqsəd, sadəcə, terminoloji dəyişiklik deyil. Layihə 2020-ci ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilmiş dəyişikliklərin başqa hüquqi aktlara inteqrasiyasını da əhatə edir. Eyni zamanda Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin müdafiə mexanizmi gücləndirilir.

Yeri gəlmişkən 0hələ 2016-cı ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna 11-1 və 11-2-ci maddələr əlavə olunmuşdu. Lakin sonrakı illər göstərdi ki, həmin normativ tənzimləmələr praktikada tam effektiv işləmir. Buna görə də həmin qanunun daha da təkmilləşdirilməsinə ehtiyac yarandı. Bu səbəbdən qanunvericiliyə 2005-ci ildən başlayaraq, müəyyən dəyişikliklər edilib. Bu institut bəzi hallarda “xəbərçilər” adlandırılır, ingilis dilində isə “whistleblowers” kimi tanınır və dünyanın bir çox ölkələrində tətbiq olunur”.

Əliməmməd Nuriyev deyib: “Başqa mühüm dəyişikliklərdən biri də Əmək Məcəlləsinin 187-ci maddəsinə aiddir. Burada ilk dəfə olaraq sübutetmə yükünün müəyyən hissəsi işəgötürənin

üzərinə qoyulur. Əgər korrupsiya ilə bağlı məlumat verən işçi sonradan intizam məsuliyyətinə cəlb olunursa və bunun qisas xarakterli olduğunu iddia edirsə, artıq həmin tədbirin məlumat verməyə görə deyil, obyektiv səbəblərdən görüldüyünü sübut etmək işəgötürənin vəzifəsi olacaqdır. Sadə dillə desək, əgər hər hansı bir işçi çalışdığı qurumda korrupsiya halları barədə məlumat verirsə, işəgötürən sübut etməlidir ki, həmin şəxsə qarşı görülən tədbir bu məlumatla əlaqəli deyil və intizam tədbiri obyektiv əsaslara

dayanır. Bu yanaşma beynəlxalq antikorrupsiya standartlarına uyğun geniş tətbi olunan bir praktikadır və məlumat verən şəxslərin müdafiəsi baxımından qanun layihəsinin əsas yeniliklərindən biridir.

İkinci dəyişiklik ondan ibarətdir ki, həm dövlət, həm də bələdiyyə qulluqçuları maraqlar toqquşması, etik davranış qaydalarının pozulması və korrupsiya riskləri barədə məlumatı artıq birbaşa rəhbərlərə deyil, xüsusi müəyyən edilmiş səlahiyyətli struktur bölməyə və ya məsul şəxsə təqdim edəcəklər.

2016-cı ildə qanunda bu norma nəzərdə tutulsa da, həmin dövrdə nə konkret məsul şəxslər, nə də struktur bölmələr dəqiq müəyyən olunmuşdu. Bu da praktikada müəyyən çətinliklər yaradırdı. Çünki bəzi hallarda korrupsiya barədə məlumat verilən rəhbər özü həmin prosesin iştirakçısı və ya maraqlı tərəfi ola bilərdi. Yeni model isə məlumatların daha müstəqil kanallar vasitəsilə qəbul edilməsini nəzərdə tutur.

Üçüncü mühüm məqam attestasiya ilə bağlıdır. Layihəyə görə, korrupsiya haqqında məlumat verən işçilərin attestasiya prosesi zamanı həmin məsələ üzrə səlahiyyətli struktur bölmə və ya məsul şəxs birbaşa və dolayısı ilə iştirak edə bilməyəcək. Məqsəd məlumat verən şəxsin sonradan təzyiq və qərəzli qiymətləndirmə ilə üzləşməsinin qarşısını almaqdır. Təsəvvür edin, bir işçi korrupsiy halları barədə rəhbər şəxslərlə bağlı məlumat veri və sonra görür ki, attestasiya komissiyasının üzvlərindən biri onun verdiyi məlumatın mövzusunda iştirak edib. Bu qərəzli yanaşma yarada bilər. Belə hallar qarşısında həmin şəxslər komissiyada iştirak edə bilməzlər”.

Əliməmməd Nuriyev qeyd edib: “Hüquqi baxımdan layihənin fəlsəfəsi belədir: dövlət və bələdiyyə sistemində korrupsiya barədə məlumat verən şəxs problem yaradan işçi kimi yox, ictimai maraqların müdafiəsinə töhfə verən şəxs kimi qorunmalıdır. Məqsəd korrupsiya sövdələşmələrinin miqyasını azaltmaqdır. Eyni zamanda ən yaxşı məlumat verən şəxslər həmin qurumlarda işləyənlərdir, çünki onlar proseslərin bütün detallarını bilirlər. Lakin bu zaman məlumatı verərkən qorxmamalıdırlar ki, sabah işdən çıxarıla, təqib oluna və ya ailə üzvləri təhlükə altında qala bilər. Buna görə müdafiə mexanizmləri qurulmalıdır ki, həmin şəxs rahat şəkildə məlumat verə bilsin.

Layihədə diqqəti cəlb edən ilk məqam korrupsiyaya dair məlumatların təqdim olunma mexanizminin dəyişdirilməsidir. İndiyədək dövlət və bələdiyyə qulluqçuları maraqlar

toqquşması, etik davranış qaydalarının pozulması və korrupsiya halları barədə məlumatı birbaşa rəhbərlərinə verməli idilər. Təklif edilən dəyişiklikdən

sonra isə bu məlumatlar artıq “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya məsul şəxsə təqdim olunacaq.

Bu dəyişiklik, sadəcə, ünvan dəyişikliyi deyil. Burada hüquqi və idarəetmə baxımından mühüm məqam var. Çünki məlumatın birbaşa rəhbərə təqdim olunması bəzi hallarda obyektiv araşdırmaya mane

ola bilər, xüsusilə rəhbərin özü həmin prosesdə maraqlı tərəf olduqda. Yeni

model məlumatların qəbul edilməsi və qiymətləndirilməsi üçün ayrıca

institusional mexanizm nəzərdə tutur.

Əsas qanunlarda icra mexanizmlərinin detallarına qədə işlənməməsi problemləri var idi. Layihə bu imkanları genişləndirir və araşdırmanın daha müstəqil aparılmasına şərait yaradır. Tam əhatə etmir, lakin müəyyən qədər genişləndirir. Layihənin ən mühüm hissəsi, qeyd etdiyimiz kimi, Əmək Məcəlləsində təklif olunan dəyişiklikdir. İlk dəfə olaraq korrupsiyaya dair məlumat verən şəxslərin müdafiəsi istiqamətində ciddi hüquqi təminat yaradılır. Çünki qanunda ən vacib məsələ normanın təminatıdır. Norma idarə edir, əgər təminat sistemi yoxdursa, o zaman norma icra edilə bilən norma deyil.

Əgər korrupsiya ilə bağlı məlumat vermiş işçi sonradan intizam

məsuliyyətinə cəlb edilirsə və bunun qisas xarakterli olduğunu iddia edirsə, həmin tədbirin qisas məqsədi ilə deyil, qanuni əsaslarla görüldüyünü sübut etmək işəgötürənin üzərinə düşür. Ədətən mübahisələrdə sübutetmə vəzifəsi iddia irəli sürənin üzərində olur. Yəni mən iddia irəli sürürəmsə, bunu sübut etməliyəm. Lakin burada qanunvericilik faktiki imkanları nəzərə alır və fərqli yanaşma tətbiq olunur. Çünki işəgötürən daha üstün imkanlara malikdir, ona görə də sübut etmə vəzifəsi onun üzərinə qoyulur ki, belə hal baş verməyib. İşçi isə çox vaxt onun barəsində qəbul edilmiş qərarın hansı maddələrə əsaslandığını sübut etmək imkanına malik olmur. İşəgötürən isə qərarın qəbul edilmə səbəblərini, xidməti əsasları və qiymətləndirmə materiallarını özündə saxlayan tərəfdir. Buna görə də sübutetmə yükünün işəgötürənin üzərinə keçməsi məlumat verən şəxslərin müdafiəsi baxımından mühüm təminat hesab olunur”.

Əliməmməd Nuriyev həmçinin deyib: “ Bu yanaşma beynəlxalq standartlara da uyğundur. BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını Azərbaycan 2024-cü ildə ratifikasiya edib. Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələrində, Avropa Şurasının bir sıra sənədlərində korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi xüsusi yer tutur. Son illərdə bir çox ölkələrdə bu hüquqi institutlar daha da genişlənir. Demək olar ki, dünyanın əksər ölkələrində bu model tətbiq olunur. Məhz layihədəki dəyişiklik də həmin yanaşmanın Azərbaycan qanunvericiliyində daha aydın şəkildə əks olunması kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan qanunvericiliyinə bu institutun inteqrasiyası gücləndirilir.

Diqqətçəkən mühüm məsələlərdən biri də attestasiya ilə bağlıdır. Qeyd edim ki, təklifə əsasən korrupsiya ilə bağlı məlumat vermiş işçinin attestasiya zamanı səlahiyyətli struktur bölmə və ya məsul şəxs həmin prosesdə birbaşa və ya dolayısı ilə iştirak etməməlidir. İlk baxışdan bu sadə görünür, lakin əsas məsələ onun arxasındakı məqsəd və motivdir. Bu dəyişiklik məlumat verən şəxsin sonradan xidməti qiymətləndirmə, karyera inkişafı və ya attestasiya vasitəsilə təzyiqə məruz qalmasının qarşısını almağa yönəlib.

Bu dəyişikliklər vətəndaşın gündəlik həyatına dərhal təsir göstərməyəcək. Biz bəzən düşünürük ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunlara dəyişikliklər dərhal nəticə verəcək, amma bu belə deyil. Heç kim sabah dövlət xidmətinə müraciət edərkən bu yeni qaydaları birbaşa hiss etməyəcək. Lakin dövlət idarəçiliyində şəffaflığın artması ilk növbədə mexanizmlərin gücləndirilməsi ilə başlayır.

Korrupsiya ilə bağlı məlumat verməkdən çəkinməyən əməkdaşların sayı nə qədər çox olarsa, risklər daha erkən aşkar olunar və daxili nəzarət mexanizmləri güclənər. Son nəticədə bu, vətəndaşlara göstərilən xidmətlə0rin keyfiyyətində, qərarların obyektivliyində və dövlət resurslarından istifadənin səmərəliliyində özünü göstərəcək. Çünki təsəvvür edin ki, satınalma prosesində hansısa vəzifəli şəxs müəyyən şirkətlə sövdələşməyə gedir. Nəticədə başqa şirkətlər haqsız vəziyyətə düşür. Lakin əgər bu barədə məlumatı həmin qurumda çalışan işçi verirsə, bu, prosesin qarşısını alır və nəticədə həm sağlam rəqabət mühiti yaranır, həm də real və şəffaf satınalmalar həyata keçirilir. Son nəticədə isə büdcə vəsaitlərinin səmərəsiz və təyinatdan kənar xərclənməsinin qarşısı alınır”.

Əliməmməd Nuriyev əlavə edib: “Mənim fikrimcə, layihənin əsas dəyəri cəza mexanizmlərinin sərtləşdirilməsində deyil, korrupsiyanın qarşısının alınmasına yönəlmiş institusional mexanizmlərin gücləndirilməsindədir. Biz bəzən belə düşünürük ki, korrupsiyaya qarşı mübarizə yalnız sərt cəza siyasəti ilə mümkündür. Bu, əlbəttə, vacibdir, amma cəza yalnız nəticəyə qarşı mübarizədir. Biz hər şeydən əvvəl elə mexanizmlər yaratmalıyıq ki, korrupsiyanın baş verməsinə qədər onun şəraiti və yaranma hallarını aradan qaldırsın.

Bu qanunda edilən dəyişikliklər göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi olmadan həyata keçirilə bilməz, eyni zamanda dürüst davranışı təşviq edən idarəetmə modelinin qurulmasını tələb edir. Əlbəttə, qanunun real nəticəsi onun mətndən çox, tətbiqindən asılı olacaq. Əgər qanunda nəzərdə tutulan səlahiyyətli struktur bölmələr formal xarakter daşıyacaqsa, bu formalizm olaraq qalacaq və dəyişikliklərin effektivliyi məhdud olacaq.

Əgər həmin bölmələr müstəqil, peşəkar və hesabatlı fəaliyyət göstərəcəksə, bu dəyişiklik dövlət və bələdiyyə

idarəçiliyində korrupsiyanın azaldılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilə bilər, hətta tarixə düşə bilər. Məhz buna görə də layihəni sadəcə texniki dəyişik kimi qəbul etmək düzgün olmaz. Azərbaycanda korrupsiyaya qarşı məlumat verən şəxslərin hüquqi müdafiəsinin gücləndirilməsi və daxili antikorrupsiya nəzarətinin institusional əsaslarının formalaşdırılması istiqamətində atılmış növbəti addım kimi dəyərləndirmək daha doğru olar”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »