Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Anthropic"dən süni intellekt xəbərdarlığı: Yaxın gələcəkdə nəzarəti itirə bilərik
"Anthropic"dən süni intellekt xəbərdarlığı: Yaxın gələcəkdə nəzarəti itirə bilərik

Aparıcı süni intellekt şirkətlərindən biri olan "Anthropic" yeni nəsil süni intellekt sistemlərinin insan nəzarətindən kənarda inkişaf edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, şirkətin "Claude" modeli ilə bağlı son qiymətləndirmələrə əsasən, sistem artıq öz kodunun 80 faizdən çoxunu özü yazmağa qadirdir. Halbuki ötən ilin əvvəlində bu göstərici 10 faizdən aşağı idi.

"Anthropic" nümayəndələrinin sözlərinə görə, bu sürətli inkişaf “rekursiv özünüinkişaf” adlanan prosesin başladığını göstərir. Bu isə gələcəkdə süni intellektin özündən daha inkişaf etmiş sistemləri özü yarada biləcəyi ehtimalını gündəmə gətirir.

Şirkətin tədqiqatçıları Marina Favaro və Jack Klark tərəfindən yayımlanan bloq yazısında bildirilib ki, bu texnologiya uzunmüddətli perspektivdə böyük elmi və texnoloji irəliləyişlərə yol aça bilər. Bununla yanaşı, ciddi nəzarət problemləri də yarada bilər.

Açıqlamada qeyd olunub ki, süni intellektin inkişaf etdirilməsi prosesi artıq qismən yenə süni intellekt sistemlərinin öhdəsinə verilir. Bu isə insan müdaxiləsi olmadan özünü təkmilləşdirə bilən modellərin meydana çıxmasına səbəb ola bilər.

Şirkət xəbərdarlıq edib ki, proses nəzarətsiz şəkildə davam edərsə, insanlar süni intellekt üzərindəki nəzarəti itirə bilər. Buna görə də inkişafın idarəolunan şəkildə aparılması üçün lazım gələrsə, texnologiyanın inkişaf tempinin yavaşladılması və ya müəyyən müddət dayandırılması variantı da nəzərdən keçirilməlidir.

"Anthropic"dən həmçinin bildirilib ki, belə qlobal qərarın həyata keçirilməsi üçün bir neçə ölkənin və böyük süni intellekt laboratoriyalarının birgə fəaliyyət göstərməsi vacibdir. Şirkətin fikrincə, bu isə olduqca mürəkkəb prosesdir.

Qeyd edək ki, süni intellektin inkişafına fasilə verilməsi çağırışları əvvəllər də səsləndirilmişdi. 2023-cü ildə minlərlə texnologiya mütəxəssisi bu sahədə müvəqqəti moratorium tətbiq olunmasını tələb etmişdi. Lakin həmin çağırışlar real dayandırılma qərarı ilə nəticələnməmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »