Donald Trump və onun oğulları ilə əlaqəli olan "World Liberty Financial" layihəsi 2026-cı ildə ABŞ prezidentinin ailəsi üçün əsas gəlir mənbələrindən birinə çevrilə bilər.
Bizimyol.info xəbər verir ki, "Bloombergin" yaydığı məlumata görə, əsas gəlir platformanın buraxdığı USD1 steyblkoinindən formalaşır. Layihə tokenin təminatı üçün saxlanılan ehtiyatların idarə edilməsindən faiz gəliri əldə edir. Bu ehtiyatlara qısamüddətli ABŞ dövlət istiqrazları və pul depozitləri daxildir.
2025-ci ildə istifadəyə verilən USD1-in bazar kapitallaşması artıq 4,6 milyard dolları ötüb. Bu göstərici onu dünyanın ən iri dollar steyblkoinlərindən birinə çevirib.
Məlumata görə, tokenlərin təxminən 87 faizi ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" platformasının kassalarında saxlanılır. Birja müxtəlif loyallıq proqramları və bəzi ticarət cütlükləri üzrə komissiyasız əməliyyatlar vasitəsilə USD1-in populyarlığının artmasına dəstək verib.
"Bloomberg"in hesablamalarına əsasən, "World Liberty Financial" şirkətinin dəyəri təxminən 1,7 milyard dollara çatıb. Bu biznesdə Tramp ailəsinin payının isə təxminən 630 milyon dollar olduğu bildirilir.
Agentliyin məlumatına görə, Tramp ailəsinin kriptovalyuta layihələrindən əldə etdiyi ümumi gəlir artıq 1,4 milyard dolları keçib və bu məbləğ ailənin ümumi sərvətinin əhəmiyyətli hissəsini təşkil edir.
Bizimyol.info






