Amerikalı mühəndis Norman Nixon tərəfindən 30 ildən çox əvvəl irəli sürülən "Freedom Ship" (Azadlıq gəmisi) adlı üzən şəhər konsepsiyası yenidən gündəmə gəlib. Layihənin təşəbbüskarları bildirirlər ki, hazırda investorların cəlb edilməsi və mümkün tikinti üçün komandanın formalaşdırılması istiqamətində iş aparılır.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb.
Konsepsiyaya əsasən, "Freedom Ship" tarixdə inşa edilmiş ən böyük gəmi ola bilər. Layihəyə görə, gəminin uzunluğu təxminən 1,6 kilometr, eni 240 metrdən çox, hündürlüyü isə 30 göyərtəyə qədər olacaq.
Üzən şəhərdə daimi olaraq 50 min nəfərin yaşaması nəzərdə tutulur. Bundan əlavə, eyni vaxtda 10 min turist gəmidə qala biləcək. Şəhərin fəaliyyətini təmin etmək üçün isə təxminən 20 min nəfərlik heyət çalışacaq.
Layihənin daxili infrastrukturu tamhüquqlu şəhəri xatırladır. Burada yaşayış məhəllələri, hotellər, xəstəxana, məktəblər, mağazalar, restoranlar, 15 min tamaşaçı tutumlu idman arenası, akvapark, muzeylər və konsert zalının yaradılması planlaşdırılır.
Müəlliflər enerji təminatı üçün nüvə enerji qurğusundan istifadə imkanını da nəzərdən keçirirlər. Layihəyə əsasən, nəhəng ölçülərinə görə gəmi limanlara daxil olmayacaq, beynəlxalq sularda daim hərəkətdə olacaq və sərnişin daşınması köməkçi gəmilər vasitəsilə həyata keçiriləcək.
İlkin hesablamalara görə, layihənin dəyəri 12 milyard funt sterlinqdən çox ola bilər. Lazımi maliyyə vəsaiti təmin olunarsa, tikintiyə İndoneziyada başlanılması planlaşdırılır.
"Freedom Ship" yalnız yaşayış kompleksi kimi deyil, həm də ekoloji təşəbbüs kimi təqdim olunur. Layihə müəlliflərinin fikrincə, bu üzən şəhər avtonom yaşayış texnologiyalarının nümayişi və okeanların təmizlənməsi istiqamətində yeni həllərin tətbiqi üçün platforma rolunu oynaya bilər.
Qadir, Bizimyol.info






